8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılan qadın məhkumlara pulsuz hüquqi yardım göstərilib.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi sahəsində çox böyük islahatlar həyata keçirildiyini bildirib. O qeyd edib ki, bu islahatlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsidir: “Bu sahədə probasiya institutunun yaradılması, zənnimcə, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların təyin edilməsində mühüm mexanizmdir. Məlumdur ki, bu gün ölkəmizdə fəaliyyət göstərən probasiya xidmətində mütərəqqi üsullardan istifadə olunur. Eyni zamanda şadam ki, Ədliyyə Nazirliyi bu gün ictimaiyyətin rəyinə yüksək qiymət verir, cəmiyyətlə fəal şəkildə işləyir. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı digər dövlət qurumları və qeyri-hökumət təşkilatları üçün bir örnəkdir”.
Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran sədr vəkillərin məhkum qadınların qarşılaşdıqları hüquqi problemlərin həlli istiqamətində çalışacağına əminliyini ifadə edib. Sədr çıxışının sonunda xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, cəmiyyətimizin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların səmərəli islahı və reinteqrasiyası sahəsində Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıq edilir, məhkumlara mütəmadi ödənişsiz hüquqi yardım aksiyaları və digər birgə tədbirlər təşkil olunur.
Nazirliyin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da tədbirin əhəmiyyətinə toxunaraq, aksiyaların qadın məhkumların hüquqi maariflənməsində mühüm rol oynayacağını vurğulayıblar.
Tədbirdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.
Sonda vəkillər tərəfindən qadın məhkumlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub.