10 mart 2023-cü il tarixində "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyalarına start verilib. Ölkə ərazisində fəaliyyət göstərə vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil edilib.
Aksiya ilə əlaqədar Hüquqi Yardım və Tədris Mərkəzində, Şəki Regional Vəkil Bürosunda, Sumqayıt Regional Vəkil Bürosunda, Gəncə 1 saylı Vəkil Bürosunda, Şirvan Regional Vəkil Bürosu və Mərkəz Vəkil Bürosunda vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub.
Eyni zamanda "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri tərəfindən Naxçıvan Muxtar Respublikasında da ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Vətəndaşlar tərəfindən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.