Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi 9-10 mart 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfər iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, aparat rəhbəri Bayram Orucov, "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər. Görüşdə vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Səfər barədə jurnalistlərə açıqlama verən sədr Anar Bağırov deyib ki, Naxçıvanda da vəkillik sahəsində islahatlar aparılacaq. "Vəkillərin sayı artırılacaq. İnsanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Məqsədimiz odur ki, Naxçıvanda da mütəmadi olaraq vəkilliyə qəbul aparılsın, gənc hüquqşünaslar vəkilliyə cəlb olunsun”.
Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkillərlə görüş olub, vəkillik işinin Naxçıvanda inkişaf etdirilməsi istiqamətində mövcud problemlər müzakirə olunub, gələcəkdə yeniliklərin olacağı diqqətə çatdırılıb. Anar Bağırov bildirib ki, ilk növbədə, Naxçıvanda vəkillərin sayının artmasına ciddi ehtiyac var. Hazırda Naxçıvanda 16 vəkil fəaliyyət göstərir ki, bu da çox aşağı göstəricidir. Burada yeni vəkil qurumları yaradılmalı, eyni zamanda, fərdi vəkillərin fəaliyyəti üçün şərait olmalıdır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin olunması üçün vəkillərin sayının kifayət qədər olması mühüm məsələlərdəndir.
Martın 9-da ARVK rəhbərliyi Naxçıvan Dövlət Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşüb, müzakirələr aparıblar. Rektor Elbrus İsayev Universitetin fəaliyyəti, aparılan islahatlar haqqında geniş məlumat verib. Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən rektor bunun tələbələrə böyük fayda verəcəyini qeyd edib. Anar Bağırov isə çıxışında deyib ki, ölkəmizdə Naxçıvan Dövlət Universiteti kimi qabaqcıl təhsil ocaqlarının fəaliyyət göstərməsi sevindirici haldır: "Hesab edirəm ki, Naxçıvan Dövlət Universitetinin fəaliyyəti həqiqətən örnəkdir. Çünki universitetin tələbələri həmişə yaxşı nəticələr göstərib. Azərbaycan vəkilləri arasında da xeyli sayda Naxçıvan Dövlət Universitetinin məzunları var". Sədr qeyd edib ki, Vəkillər Kollegiyası Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək göstərir: "Digər universitetlərlə imzaladığımız memorandumlara əsasən, biz tələbələrin özünü inkişaf etdirməsinə, müxtəlif müsabiqələr, yarışlar vasitəsilə təhsillərini daha da təkmilləşdirməsinə dəstək oluruq”.
Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb. Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.
Universitetdə ELSA Azərbaycan tərəfindən ilk dəfə ARVK və NDU ilə əməkdaşlıq çərçivəsində “Milli Məhkəmə Müsabiqəsi: Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi də keçirilib. Müsabiqədə ittihamçı tərəf qismində və müdafiəçi tərəf qismində Naxçıvan Dövlət Universiteti 3-cü və 4-cü kurs tələbələri çıxış ediblər. Komandanın çıxışları hakimlər tərəfindən qiymətləndirilib, müsabiqənin sonunda qaliblərə mükafatlar təqdim edilib.
Səfərin növbəti günü ARVK və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda əvvəlcə Dövlət Himni və vəkil marşı səsləndirilib, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Konfransda ARVK sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan vəkilləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən ARVK sədri Anar Bağırov deyib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi. Sədr konfransın Azərbaycanın vəkillik tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Anar Bağırov təşkilati dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə xatirə hədiyyəsi təqdim edib.
Ədliyyə naziri Daşqın Rəhimov isə çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi islahatlar müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir. Ölkəmizin hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Əsgər Novruzov çıxışında deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilib. Respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlanılıb.
Naxçıvanın Ombudsmanı Günay Rzayeva vurğulayıb ki, 1995-2003-cü illər ərzində Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumilikdə 3104 məhkuma şamil edilməklə, 32 əfv fərman və sərəncamı imzalanıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirmiş və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunmuş və nəticədə həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşub.
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev bildirib ki, hər kəs peşəkar vəkillərin formalaşmasında rol oynamalıdır. O qeyd edib ki, prokurorluq orqanları Muxtar Respublikada vəkillik sahəsində həyata keçiriləcək islahatlara dəstək məqsədilə səmərəli münasibətləri davam etdirəcək.
Naxçıvan Vəkillər Kollegiyasının sədr müavini vəzifəsini müvəqqəti icra edən Behbud Səfərov fəaliyyətlə bağlı Naxçıvan Vəkillər Kollegiyasında geniş müzakirə aparıldığını, nöqsanların diqqətə çatdırıldığını bildirib, işdə buraxılan nöqsanların aradan qaldırılması üçün səylə çalışacaqlarını vurğulayıb.
Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov bildirib ki, mediasiya institutu fəaliyyətə başlayanda vahid koordinasiyanın olmaması və digər bu kimi problemlər mövcud olub. Ancaq indi həm hakimlərlə, həm də vəkillərlə müzakirələr aparılıb, problemlər aradan qaldırılıb.
Çıxışlardan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə hesabat filminin nümayişi olub.
Daha sonra "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun vəkilləri tərəfindən Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyası keçirilib. Vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib.
Sonda xatirə şəkli çəkilib.