Türkiyə Barolar Birliyinin dəvəti ilə martın 13-14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub.
Əvvəlcə Ankaradakı Heydər Əliyev Parkını ziyarət edilib. Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib. Sonra vəkillər tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbir Movzeley Kompleksi ziyarət olunub, nümayəndə heyətinin şərəfinə rəsmi tədbir təşkil olunub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının adından Anıtqəbrin önünə əklil qoyulub. Sədr Anar Bağırov Xatirə kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub. Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə təkliflər də səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib. Sədr, həmçinin Türk Dövlətləri Təşkilatı vasitəsilə türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlğın gücləndirilməsi ilə bağlı da təkliflər irəli sürüb. Bundan başqa, türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadını olan Sürəyya Ağaoğlunun yubileyinin Şuşa şəhərində qeyd etmək barədə niyyətini də dilə gətirib. A.Bağırov, eyni zamanda 2023-cü il - "Heydər Əliyev ili" əlaqədar olaraq Azərbaycanda müstəqil vəkilliyin yaranmasında Ulu Öndərin rolu ilə bağlı bütün türk dövlətlərindən olan vəkillərin iştirakı ilə xüsusi konfrans keçirmək arzusunda olduqlarını bildirib.
Vəkillər Kollegiyası sədrinin təklifləri Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən maraqla qarşılanıb. Qeyd olunan məsələlərin Türkiyə-Azərbaycan, eləcə də türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Sonra nümayəndə heyəti Türkiyə Barolar Birliyinin başqanı Erinç Sağkanla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə vəkilləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi, vəkillər üçün təlimlər, konfransların keçirilməsi məsələsi müzakirə olunub. Anar Bağırov Erinç Sağkanı cari ilin oktyabr ayında Azərbaycana səfərə dəvət edib. Sədr Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müstəqil vəkilliyin inkişafı ilə bağlı birgə konfransın keçirilməsini təklif edib. Anar Bağırov Azərbaycan və Türkiyə hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə də çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib. Görüdə “TÜRK-AV” çərçivəsində fəaliyyətin daha da gücləndirilməsi xüsusi vurğulanıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən Erinç Sağkan görüşdə səsləndirilən təkliflərin reallaşması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Martın 14-də isə nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyini ziyarət edib. Səfir Rəşad Məmmədov görüşdən məmnunluğunu ifadə edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, hüquq sahəsində əməkdaşlığın vacibliyini də qeyd edərək, bu sahədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına lazımi dəstəyi göstərəcəklərini deyib.
Anar Bağırov Türkiyəyə səfərin məqsədinin iki ölkə arasında vəkillik sahəsində əməkdaşlığı inkişaf etdirmək olduğunu deyib. O, səfər çərçivəsində Türkiyə Vəkillər Kollegiyasının sədri və eyni zamanda Türkiyənin məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, görüşlərdə ölkələrimiz arasında vəkillik sahəsində, ümumən məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlığın inkişafı üçün vahid platformanın yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Sonra Türkiyənin Ədliyyə nazirnin müavini Zekeriya Birkanla görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri, peşə fəaliyyətinin gücləndirilməsi üçün qanunvericilyə dəyişikliklər məsələsi müzakirə olunub.
Daha sonra nümayəndə heyəti “Azaflı Hukuk ve Danışmanlık Bürosu”nun müdiri, Ankara Vəkillər Kollegiyasının üzvü Arzuman Azaflı ilə görüşüblər. Görüşdə vəkillik fəaliyyətinə dair məsələlər müzakirə olunub.
Bununla da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Türkiyəyə rəsmi səfəri başa çatıb.