Novruz bayramı ərəfəsində Ədliyyə Nazirliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Novruz çələngi” xeyriyyə tədbirləri keçirilib.
Tədbirdə təşkilatçı qurumların məsul rəhbər şəxsləri, Ombudsman Aparatının, Sosial Xidmətlər Agentliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təmsilçiləri, vəkillər, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov bildirib ki, qanunvericilik cəza siyasətində ən humanist prinsiplərə əsaslanaraq qadına qarşı olan ehtiramı bir daha nümayiş etdirir. Dövlətimiz tərəfindən məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş tədbirlər daim həyata keçirilir, xüsusi diqqət və qayğı ilə yanaşlır və bu nəcib işdə Vəkillər Kollegiyası da fəal iştirak edir: "Qarşıdan gələn Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Fürsətdən istifadə edərək, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram".
Sonra müəssisədə Novruz şənliyi təşkil olunub, bayramın əsas personajları olan Kosa və Keçəl iştirakçıları milli mahnı sədaları ilə qarşılayıb, yumurta döyüşdürüblər. Müəssisənin özfəaliyyət dərnəyinin iştirakı ilə keçirilən konsertdə qadın məhkumların ifasında mahnılar dinlənilib, milli geyimdə rəqslər edilib. Xeyriyyə konserti çərçivəsində məhkumların öz bacarıq və istedadlarını nümayiş etdirmələri üçün onların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.Bilet və əl işləri satışlarından əldə edilən gəlirlər məhkumların həvəsləndirilməsinə, onların istəklərinə uyğun lazımi məhsullarla təmin olunmasına ayrılıb. Həmçinin qadın məhkumlara hədiyyələr təqdim olunub.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qadın məhkumlara yaradılan hər cür şəraiti, onların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyası üzrə tədbirləri yüksək qiymətləndiriblər.