İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, vəkillər və mediatorlar iştirak ediblər.
Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi önəmi və bununla bağlı sistemli yanaşmanın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycanda son illərdə yaradılmış güclü iqtisadi potensial, aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə həyata keçirilən kompleks tədbirlər ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etməklə sahibkar-istehlakçı və istehlakçılara xidmət göstərən dövlət qurumları və istehlakçı münasibətlərinin inkişafına müsbət təsir edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2022-ci ildə Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 4436 müraciət daxil olub. Təmin edilmiş müraciətlər əsasında qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edərək bildirib ki, istehlakçı hüquqlarının qorunması vəkillər və vəkillik üçün də prioritet sahələrdən biridir. Son illərdə Azərbaycanda daxili bazarın daha da inkişaf etməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində mütərəqqi addımlar atılmış, bir sıra mühüm islahatlar aparılıb: “Sözsüz ki, istehlakçıların və sahibkarların bu sahədə hüquqlarının qorunmasında mühüm rollardan birini də vəkillər oynayır. Bunun nəticəsidir ki, Vəkillər Kollegiyası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında hazırkı vaxtadək səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Bu təcrübənin əsaslarından biri kimi iki qurum arasında 12 oktyabr 2022-ci il tarixində imzalanmış əməkdaşlıq memorandumunu göstərmək olar. Memorandumda birgə seminar, konfrans və təlimlərin təşkili, istehlakçı hüquqlarına dair maarifləndirici vəsaitlərin hazırlanması, korporativ sosial məsuliyyət layihələri çərçivəsində əməkdaşlıq məsələləri öz əksini tapıb. Belə ki, tədbir çərçivəsində Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında 50-dən çox vəkilin iştirakı ilə seminar keçirilib. Bundan əlavə, Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 22 aprel 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada təlim keçirilmişdir. “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmi” mövzusu üzrə keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətinin istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov təlimçi qismində iştirak edib”.
E. Usub qeyd edib ki, vəkillərin istehlakçıların hüquqlarının qorunmasında rolu xüsusi əhəmiyyətə və çəkiyə malikdir. Bu gün məhkəmələrdə iddiaların qaldırılması və həmin iddiaların müdafiəsi əksər hallarda peşəkar hüquqi yardımı həyata keçirən vəkillər tərəfindən həyata keçirilir: “Müsbət tendensiyalardan biri ondan ibarətdir ki, istehklakçıların maraqlarının qorunması məqsədilə məhkəmədənqabaqkı mərhələdə Dövlət Xidməti operativ və səmərəli fəaliyyət göstərir ki, bu da bir çox hallarda işlərin məhkəmə müdafiəsindən kənar həllinə təsir edir. Bu həm məhkəmələrin iş yükünün azaldılmasına, həm də istehlakçı hüquqlarının daha tez bərpa edilməsinə köməklik göstərir”.