Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılması” layihəsi keçirilib.
Layihə çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovun iştirakı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü baş tutub.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, sonra NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edib, Baş katibi Ramin Həbibzadə isə layihənin ümumi təqdimatını keçirib.
Bildirilib ki, layihə çərçivəsində indiyə qədər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və digər idarəetmə bölmələrinin vəkilləri tərəfindən müxtəlif mövzular üzrə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün silsilə təlimlər keçirilib. Təlimlərdə 40 gənclər təşkilatının 100-ə yaxın nümayəndəsi iştirak edib.
Daha sonra çıxış edən Anar Bağırov Kollegiyanın Gənclər Fondu ilə əməkdaşlığına toxunaraq, birgə bir çox faydalı layihələrin həyata keçirildiyini bildirib. Vəkillər Kollegiyasının fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verən sədr qeyd edib ki, son illərdə vəkilliyə üz tutan hüquqşünaslar əsasən gənclərdən ibarətdir: “Hesab edirəm ki, onlar vəkilliyə yeni nəfəs gətirirlər. Biz gənclərlə əməkdaşlığa çox böyük önəm veririk. Zənnimcə, bu cür layihələrdə iştirakımız vəkilliyi gənclərə daha yaxın edir. Deyə bilərəm ki, Vəkillər Kollegiyası gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına daim dəstək göstərir və bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil ocaqları, hüquqşünas tələbə təşkilatları ilə əməkdaşlıq əlaqələri qurub. Gənclər Fondu ilə ötən il hüquqşünas tələbələr üçün çox möhtəşəm Yay Məktəbi təşkil etdik. Həmçinin bu il də Qış Məktəbi təşkil olunub. Təbii ki, bunlar hamısı vacib layihələrdir və əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Anar Bağırov gənclərə tövsiyələrini də verərək vurğulayıb ki, Azərbaycan gəncləri savadlı, intellektual səviyyəsi yüksək olmalı, dövlətçiliyi hər şeydən üstün tutmalıdırlar: “Bu gün gənclərimizin qarşısında yeni çağırışlar var. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğal altındakı torpaqlarımızı azad etdi. Döyüş meydanında müharibə düşmənin məğlubiyyəti ilə başa çatsa da, sosial şəbəkələrdə və müxtəlif platformalarda informasiya müharibəsi davam edir. Bu baxımdan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Çünki gənclərimiz Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməli, düşmənin təxribat xarakterli informasiyalarının qarşısını almalıdırlar”.
Sonra çıxış edən Fərid Cəfərov Vəkillər Kollegiyası ilə Gənclər Fondunun sıx əməkdaşlığından danışıb, Anar Bağırovun Kollegiyaya sədr seçildikdən sonra gənclərdə vəkilliyə maraq yarandığını qeyd edib. Gənclərin maariflənməsinin xüsusi önəmini vurğulayan Fərif Cəfərov gənclər təşkilatları üçün hüquqi məsələlərə dair kitabçanın hazırlanmasının bu istiqamətdə faydalı olacağını bildirib.
Panel formatında davam edən görüş zamanı təşkilat nümayəndələrinin təklifləri dinlənilib və ünvanladıqları suallar cavablandırılıb.
Qeyd edək ki, ilk təlim vəkil Lalə Nağıyeva ilə “Gənclər təşkilatlarında əməkdaş, könüllü və təcrübəçilərlə əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması və tənzimlənməsi” mövzusunda baş tutub. Təlimdə əməkdaşların əməkhaqlarının tənzimlənməsi, qanunvericilikdə bu məsələyə yanaşma ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İkinci təlim Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynovla “Gənclər təşkilatlarının nümayəndələrinin müqavilələrlə iş və ideyalarının təsdiqlənməsi üçün əqli mülkiyyət sahəsində savadlılığının artırılması” mövzusunda keçirilib. Təlim interaktiv müzakirələr və sual-cavab sessiyasını əhatə edib.
Üçüncü təlim isə vəkil Əfqan Baxışov ilə “Gənclər Təşkilatlarının digər qurumlar və maraqlı tərəflərlə korporativ münasibətlərin tənzimlənməsi və korporativ hüquq siyasətinin formalaşdırılması" mövzusunda olub.