Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycanda vəkillərin sayı 2323 nəfərə çatdı

11 aprel 2023    1744 share share

11.04.2023-cü il tarixində “Badamdar Estates” mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
 
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni və Vəkil Marşı səsləndirilmişdir. Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
 
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın son 5 il ərzindəki fəaliyyəti, son dövrlər görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
 
A.Bağırov qeyd etmişdir ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmuşlar. “2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunmuşlar. Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2323 nəfərdir”.
 
A.Bağırov həmçinin qeyd etmişdir ki, bu gün andiçmə mərasimində 83  namizəd vəkil andı içərək sıralarımıza qəbul olunurlar.
 
Əvvəllər hakim işləmiş 4, vəkil işləmiş 1 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılmışlar. Andiçmə mərasimində iştirak edənlərin 62 nəfəri kişi, 21 nəfəri isə qadındır.
 
Daha sonra vəkilliyə namizədlər çıxış etmiş, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildirmişlər.
 
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmişlər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilmişdir.