Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasında Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

18 aprel 2023    1068 share share

18 aprel 2023-cü ildə Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti – Robert Qolobinek və Nino Bakakuri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.
 
Kollegiyanın sədr müavini Şahmar Məmmədov qonaqları sədr adından salamlayaraq, Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Ş.Məmmədov son illərdə vəkillik sahəsində aparılan islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.
 
Robert Qolobinek və Nino Bakakuri isə səmimi görüşə görə təşəkkürlərini bildirib, Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıblar.
 
Görüş çərçivəsində Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” Layihəsi çərçivəsində Azərbaycanda məhkəmə qərarlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququna uyğun harmonizə edilməsi üzrə müvafiq milli normativ baza və təcrübə, və eləcə də Azərbaycanın AİHM-in 16 saylı Protokoluna qoşulması ilə bağlı texniki dəstək ehtiyaclarının qiymətləndirilməsi üzrə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
 
Görüşdə, həmçinin Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi üzrə əlaqələndiriciləri Başak Boyoğlu və Aynur Yusifova, Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının rəhbəri Bayram Orucov, sədrin müşaviri Fərhad Nəcəfov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova da iştirak ediblər.
 
Qeyd edək ki, Avropa Şurasının Bakı Ofisi “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində ehtiyacların qiymətləndirilməsi üzrə milli tərəfdaş qurumlarla ikitərəfli görüşlər keçirir.