Bu ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpa edildiyi dövrlərdə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşsa da, Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyadan qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yeni qurulan dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib və xalqının mənafeyini daim qorumaq üçün bütün imkanlardan istifadə edib.
Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr Heydər Əliyevin siyasi və idarəçilik irsinin davamıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil və inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir. O, bildirmişdir ki, Ümummilli Lider qanunvericilik təşəbbüsü ilə 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyətə başlaması üçün maddi və hüquqi baza yaradılmış, 2002-ci il 2 iyul tarixdə Azərbaycanın ilk ombudsmanı seçilmişdir. Bununla da Heydər Əliyevin təşəbbüsü əsasında öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında quran müstəqil bir qurumun – Ombudsman təsisatının təməli qoyulmuşdur.
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd etmişdir ki, Azərbaycanda vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyətinin bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ vaxtında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdır. Bununlada vəkilliyə konstitusion status verilmiş, Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilmişdir.
A.Bağırov həmçinin bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisata dönmüş və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis olunmuşdur.
“Unudulmamalıdır ki, Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələr, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafı xalqımızın layiqli lideri Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Bu baxımdan, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir. Əminliklə demək olar ki, 28 dekabr 1999-cu il - "Vəkillər və vəkillik fəaliyyət haqqında” qanunun imzalanması günü Ulu Öndər Heydər Əliyevin xidməti ilə vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub” deyə Anar Bağırov qeyd etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatları Əminə Ağazadə, Nurlan Həsənov, Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov və hüquq sahəsi üzrə bir sıra görkəmli alimlər, ictimai xadimlər iştirak ediblər.
Konfransın praktiki hissəsində “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “İnsan hüquqlarının müdafiəsi sahəsində hüquqi ekspertiza və qanunvericilik təşəbbüsləri mərkəzinin rolu” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.