Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ali Məhkəmədə “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib

30 aprel 2023    1146 share share

Azərbaycan Respublikasının Ali Məhkəməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin  (“ELSA Azərbaycan”) təşkilatçılığı ilə keçirilən “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.
 
Tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı Kamal Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.
 
Müsabiqədə finala vəsiqə qazanan 2 şagird və 1 tələbədən ibarət olmaqla, 2 komandanın iddiaçı və cavabdeh kimi çıxışları dinlənilib.
 
BŞTİ-nin müdiri Mehriban Vəliyeva məhkəmə müsabiqəsinin məqsədi və əhəmiyyəti tədbir iştirakçılarına barədə məlumat verib. İdarə müdiri bu gün dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində bu cür müsabiqələrin rolundan danışıb. O, hüquqşünaslıq ixtisasına marağı olan gənclərin gələcəkdə ölkəmizi beynəlxaq arenalarda uğurla təmsil edəcəklərinə inandığını söyləyib.
 
Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Sədr diqqətə çatdırıb ki, artıq bir neçə ildir ki, Ali Məhkəmə "ELSA Azərbaycan" tərəfindən təşkil olunan Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə təşkilati dəstək göstərir. ELSA-nın təkcə Avropada deyil, bütün dünyada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bir araya gətirən nüfuzlu təşkilat olduğunu deyən İnam Kərimov bildirib ki, bu təşkilatın Azərbaycan bölməsinin yaradılmasında məqsəd hüquqi biliklərin təkmilləşdirilməsi, hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Sədr qeyd edib ki, Ali Məhkəmə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və bu ixtisas üzrə təhsil almaq arzusunda olan şagirdlərin inkişafında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılmasında maraqlıdır: “İnanıram ki, bu müsabiqədə iştirak edən şagirdlərimiz gələcəkdə peşəkar hüquqşünas olacaq və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlar. "ELSA Azərbaycan"ın belə güclü və nüfuzlu təşkilata çevrilməsi, şübhəsiz ki, dövlətimizin gənclərə göstərdiyi qayğının təzahürüdür”.
 
Müsabiqəni yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsi işində müsbət addım kimi səciyyələndirən Ombudsman Səbinə Əliyeva yetişən nəslin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən biri olduğunu söyləyib.
 
Elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Bildirib ki, bu gün hər kəs Ulu Öndərin misilsiz əməyi nəticəsində formalaşmış yeni hüquq sisteminin bəhrəsini görür və demokratik-hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahididir. Nazir Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən yeniyetmə və gənclərin gələcəkdə fəal vətəndaş kimi yetişəcəklərinə, yüksək təhsil, innovativ bacarıqları ilə hüquqi dövlət quruculuq işinin genişləndirilməsinə öz layiqli töhfələrini verəcəklərinə inandığını söyləyib.
 
Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək qalibləri təbrik etmiş və Ali Məhkəmənin rəhbərliyinə tələbələrə və şagirdlərə göstərdiyi dəstəyə görə təşəkkür etmişdir. O qeyd edib ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında qurulmuş səmərəli əməkdaşlıq uğurla davam edir. 2018-ci ildən etibarən biz əməkdaşlıq haqqında saziş imzalamışıq. Bu əməkldaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirmişik. O, bildirib ki, Kollegiya gənc hüquqşünaslara hər zaman dəstək göstərir: “Qeyd etmək istərdim ki, bu gün finalında iştirak etdiyimiz yarışda vəkillərimiz də aktiv iştirak etmişdir. Onlar layihənin ilk günündən şagird və tələbələrə təlimlər keçmiş, həmçinin ¼ və yarı finalda hakim qismində iştirak etmişdirlər. Biz ali təhsil müəssisələri ilə əməkdaşlığa da xüsusi önəm veririk. Vəkillər Kollegiyası ilə hüquq fakültələri olan demək olar bütün universitetlər arasında Memorandumlar bağlanmışdır. Çünki Azərbaycanın gənc hüquqşünaslarına dəstək göstərilməlidir.Son illər ərzində biz bu siyasəti həyata keçiririk. Vəkillər Kollegiyası olaraq bu tip müraciətlərə müsbət cavab veririk. Həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan bundan sonra da gənclərə dəstək verməyə hazırıq. Biz istəyirik ki, gənc hüquqşünaslar beynəlxalq səviyyədə də uğur əldə etsinlər. Bunun üçün də gücümüzü səfərbər etməliyik və bu istiqamətdə əlimizdən gələni də etməyə hazırıq”.
 
Millət vəkili Kamal Cəfərov da müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, müsabiqə hüquq fakültəsi tələbələrinin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynayır, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrədir.
 
Final mərhələsinin sonunda 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri Əliyev Elcan və Hüseynzadə İmran, onların mentorları Bakı Dövlət Universitetinin II kurs tələbəsi Aytac Əliyeva qalib gəlib. İştirakçılar həmçinin müxtəlif nominasiyalar üzrə də təltif edilib.