Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir

02 may 2023    950 share share

2 may 2023-cü il tarixində Vəkillər Kollegiyasının rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin nümayəndələri arasında görüş keçirilmişdir.

Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlamış, Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisi arasında mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin vacibliyini vurğulamışdır.

Daha sonra, A. Bağırov nümayəndələri son dövrdəki fəaliyyəti ilə tanış etmişdir. O, həmçinin qeyd etmişdir ki, bu sahədə görülən işlər vəkillik peşəsinə marağın artmasına, xüsusilə gənc mütəxəssislərinin sayının artmasına səbəb olmuş, vəkillərin sayı isə 3 dəfəyədək artmışdır. A. Bağırov hal-hazırda 2323 vəkilin fəaliyyət göstərdiyini bildirmişdir.

Bundan əlavə, Anar Bağırov son aylarda baş tutan layihələrdən, o cümlədən Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində aparılan islahatların, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında mövcud problemlərin həllində və bununla gələcəkdə vəkilliyin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını da qeyd etmişdir.

Daha sonra, Cənubi Qafqaz ofisin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov Kollegiyanın son bir neçə ildə həyata keçirdiyi fəaliyyətini təqdirəlayiq hesab etdiyini bildirmişdir. Bundan əlavə, V.Şkolnikov Kollegiya ilə keyfiyyətli hüquqi yardıma çatımlılığın daha da yaxşılaşdırılması, o cümlədən bölgələrdə əməkdaşlığın daha da artırılması istiqamətlərində həyata keçirilə biləcək layihə təkliflərini səsləndirmişdir.

Sonda, planlaşdırılan layihələrlə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın davam etdirilməsi razılaşdırılmışdır.