12 may 2023-cü il tarixində “The Ritz-Carlton” mehmanxanasında beynəlxalq ekspertlərin iştirakı ilə “Beynəlxalq Kommersiya və İnvestisiya Arbitrajları” mövzusunda konfrans keçirilmişdir.
Konfrans biznes və hökumətlər arasında əlverişli atmosfer və daha dərin əməkdaşlıq şəraiti yaratmaq missiyası ilə “Bureau 28a” Hüquq Firması tərəfindən təşkil edilmişdir. Tədbir, mübahisələrin həlli üzrə yerli, regional, və beynəlxalq aparıcı hüquq ekspertlərini bir araya gətirmişdir.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasınınsədri Anar Bağırov hər kəsi salamlayaraq, konfrans mövzusunun əhəmiyyəti barədə geniş məlumat vermişdir.
O, bildirib ki, mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitraj xüsusi rola və paya malikdir. A.Bağırov qeyd edib ki, cənab Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyənin icrası istiqamətində vəkillər üçün arbitraj və mübahisələrin digər alternativ həlli üsulları sahəsində müxtəlif təlim və seminarlar təşkil olunmuşdur.
Sonda sədr Vəkillər Kollegiyasının arbitraj institutuna və bu sahədəki təşəbbüslərə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.
Daha sonra çıxış edən “Bureau 28a” hüquq firmasının İdarəedici Partnyoru, AR Vəkillər Kollegiyasının üzvü, Ayxan Əsədov, konfransın mövzusu və məqsədi barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Beynəlxalq Kommersiya Arbitrajlarına dair təqdimatla Moskva Şəhər Vəkillər Palatasının üzvü, “DZ” hüquq bürosunun Beynəlxalq Mübahisələrin Həlli şöbəsinin Partnyoru, Aleksandr Dolya, çıxış etmişdir.
Tədbirin 2-ci hissəsində İnvestisiya Arbitrajları mövzusuna dair təqdimatla “Squire Patton Boggs” qlobal hüquq firmasının Beynəlxalq Mübahisələrin Həlli şöbəsinin və Paris ofisinin Partnyoru, Con Adam, çıxış etmişdir.
Təqdimatların davamında mövzuya dair təşkil edilmiş paneldə “Bona Mente Consulting” şirkətinin təsisçisi və rəhbəri, Alidə Mahmudova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Eldar Məcidov, İstanbul Vəkillər Kollegiyasının üzvü, Rəşad Qasımlı, “Remells” hüquq firmasının Partnyoru, Rəşid Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin böyük hüquqşünası, Səfər Səfərli tərəfindən mövzuya dair müvafiq müzakirələr aparılmışdır.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır