02 iyun 2023-cü il tarixində, Bakı şəhəri “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən AR Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlamış, gender bərabərliyinin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, ilk Respublikamız və hüquqi varisi olduğumuz Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur.
Konfransın həsr olunduğu türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlu barəsində məlumat verən Anar Bağırov qeyd etmişdir ki, Sürəyya xanım 1903-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirmişdir. 1921-ci ildə hüquq sahəsində təhsil almaq üçün Universitetə müraciət etmiş, İstanbul Hüquq Fakültəsinə qəbul olmuş və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynamışdır. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilmiş və ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.
Anar Bağırov həmçinin qeyd etmişdir ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə atmışdır. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılmışdır.
Sonra Sürəyya Ağaoğlunnun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunmuşdur.
Tədbirdə Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix gender bərabərliyi ilə bağlı açılış nitqləri ilə çıxış etmişlər.
Hibrid qaydada keçirilən və 3 sessiyadan ibarət olan Beynəlxalq Konfransda Türkiyə Barolar Birliyinin Başkanı Erinç Sağkanın, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarovun, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatianinin, Serbiya Vəkillər Kollegiyasının prezidenti Jasmina Milutinoviçin, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının prezidenti İvaylo Dermendjievin, Qırğız Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulovun, Hindistan Vəkillər Kollegiyasının vitse-prezidenti Rachana Srivastavanın, İrlandiya Vəkillər Kollegiyasından David Conlan Smythin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar etmiş, mövcud problemlər, onların həll yolları barəsində Konfrans iştirakçılarına məlumat vermiş və geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində eyni zamanda ilk dəfə olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qırğız Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov tərəfindən "Dostluq" medalı ilə təltif olunmuşdur.
Qeyd etmək istərdik ki, habelə vəkillik sahəsində dünyaca tanınan və ən nüfuzlu təşkilatlardan olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL), Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) rəhbər şəxləri, habelə hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Aygün Bəşirova, Hüquq və İnsan Haqları İnstitutu PHŞ-nin İdarə Heyətinin sədr müavini Natavan Rüstəmova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, bir sıra yeri və beynəlxalq dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxsləri, “Yüksəliş” Müsabiqəsinin qalibi Ramil Abulov, 200-dən çox vəkil iştirak etmişdir.
Tədbirdə Konfrans iştirakçıları tərəfindən “Gender bərabərliyinin təmin edilməsi üzrə” Birgə Bəyanat qəbul edilmişdir.
Konfransın davamı olaraq xarici qonaqlar üçün Bakının tarixi və görməli yerlərini özündə əks etdirən sosial proqram təşkil edilib.