Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Qırğızıstan Respublikasının Vəkillər Şurası arasında Memorandum imzalanmışdır.
01 iyun 2023-cü il tarixində türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Qırğızıstan Respublikası Vəkillər Şurasının sədri Bilim Rayımkulov və Qırğızıstan Şuranın Respublikası Vəkillər Şurasının üzvü, vəkil Saipjan Murzakmatov Vəkillər Kollegiyasında olublar.
Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə digər ölkələrin Vəkillər Kollegiyaları ilə memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib.
Qəbul üçün təşəkkürünü bildirən Bilim Rayımkulov Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlığı qurulmasını yüksək qiymətləndirib. Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını qeyd edib.
Görüşdə Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev iştirak etmişdir.
Sonra nüzakirələr davam edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.