Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinin təşəbbüsü ilə yaradılan Femida Dialoq Platforması çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri ilə keçirilmiş dialoqun davamı olaraq, 09 iyun 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədovun, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin, məhkəmənin hakimlərinin və ərazi yurisdiksiyasında fəaliyyət göstərən Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə seminar-diskussiya keçirilmişdir.
Seminarda cinayət, mülki, kommersiya və inzibati işlər üzrə apellyasiya və kassasiya şikayətlərinin verilməsinin mümkünlüyü məsələləri müzakirə edilmiş, apellyasiya və kassasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə əsas olmuş nöqsanlar ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılmışdır. Bu barədə qanunvericiliyin tələbləri və ayrı-ayrı konkret hallar üzrə məsələlər müzakirə edilmişdir. Tədbirdə Şirvan Apellyasiya Məhkəməsini yurisdiksiyasında fəaliyyət göstərən 50-dən artıq vəkil iştirak etmişdir.
Eyni zamanda hakimlər və vəkillər arasında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı ortaya çıxan problemlər geniş müzakirə olunmuş, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün qarşılıqlı olaraq irəli sürülmüş təkliflər geniş və əhatəli araşdırılmışdır.
Sonda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev vəkillərə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, şəffaflığın və ədalət mühakiməsinə əlçatımlığın təmin olunması məsələlərində fəal və effektiv iştirak etmələrini tövsiyə etmişlər