Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib

04 iyul 2023    1065 share share

İyulun 4-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Konfransda Azərbaycan Respublikası Milli Məclisi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Baş Prokurorluğun rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbər və nümayəndələri, habelə bir çox məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Həmçinin, tədbirdə iştirak etmək üçün Bakı şəhərinə Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, İndoneziya, Macarıstan, Serbiya və Tailand Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri təşrif buyurublar.
 
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar ünvanlandığı təbrik məktubu səsləndirib.
 
Daha sonra sədr Fərhad Abdullayev Konfransda iştirak edən qonaqları salamlayaraq qeyd edib ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderin əziz xatirəsinə əbədi ehtiramın ən bariz nümunəsidir.
 
Sədr dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən biri olan uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması haqqında söhbət açdı. Qeyd edilib ki, həmin proses çərçivəsində ən əlamətdar hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi idi.
 
Vurğulanıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır.
 
Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq qeyd etdi ki, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri məhz Konstitusiyada öz əksini tapıb. Ölkənin Əsas Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün fundamental hüquqi baza qismində çıxış edir.
 
Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov təbrik nitqi ilə çıxış edərək qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin plenum qərarları cəmiyyətimizin hüquq düşüncəsini zənginləşdirib, hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlığın bərqərar olmasında mühüm rol oynayıb və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini formalaşdırıb. Məhz bu missiyanın həyata keçirilməsində Konstitusiya Məhkəməsini dəstəkləmək və gücləndirmək bütün vətəndaş cəmiyyəti institutlarının borcudur. Bu gün Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi öz funksiyalarını tam yerinə yetirmək üçün bir sıra yerli və beynəlxalq dövlət və qeyri-dövlət qurumları ilə əlaqələrini genişləndirir. Belə ki, bu qurumlar arasında vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olan Azərbaycan vəkilliyinin də özünəməxsus yeri var”.
 
A.Bağırov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası ilə Konstitusiya Məhkəməsi arasında çoxşaxəli, səmərəli əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Bu əməkdaşlıq çərçivəsində son iki ildə Kollegiya tərəfindən Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 40-dan çox mütəxəssis rəyi verilib. Eyni zamanda A.Bağırov vurğulayıb ki, Konstitusiya Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində tədbirlərin keçirilir, Konstitusiya Məhkəməsi hakimləri Vəkillərin İxtisas Komissiyasının işində, habelə vəkillərin ixtisasartırma kurslarında iştirak edirlər.
 
Eyni zamanda tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Baş prokurorun müavini Heydər Məmmədov təbrik nitqləri ilə çıxış ediblər.
 
Konfransın praktiki hissəsində bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin rəhbər şəxslərinin müfaviq mövzular ətrafındakı çıxışları dinlənilmişdir.
 
Təqdim edilmiş məruzələrdən sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
 
Tədbirin sonunda sədr Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək konfransın gedişatında müxtəlif aktual mövzulara toxunaraq, səmərəli fikir mübadiləsi aparmağa nail olunduğunu bildirib.