10 iyul 2023-cü il tarixində "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) tədbirlər planı çərçivəsində Respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyaları davam etdirilib.
Aksiya ilə əlaqədar Bakı şəhərində “Verdiktum” Vəkil Bürosu tərəfindən aztəminatlı şəxslərə hüquqi məsləhətlər verilmiş, habelə müvafiq yazılı sənədlər tərtib edilmişdir.
Bundan əlavə, ARVK sədri Anar Bağırovun iştirakı ilə Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir. “Pro Bono” Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına səfər edərək, orada 20-dən çox vətəndaşa yazılı və şifahi məsləhətlər vermişdir.
Tədbirlər çərçivəsində Xaçmaz rayonunda Xaçmaz şəhər Vəkil Bürosu tərəfindən də “Açıq qapı” günü təşkil edilmiş və müraciət edən 21 nəfərə ödənişsiz hüquqi yardım göstərilmişdir.
Bundan başqa, Balakən rayon Vəkil Bürosu tərəfindən həmin bölgələrdə yaşayan 18 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmişdir.
Müraciətlərin əksəriyyəti mülki işlər, mülkiyyət hüququ, kredit mübahisəsi, vərəsəlik, torpaq mübahisələri, ailə münasibətləri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olmuşdur.
Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.