Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan vəkil olmaq istəyən gənclərin ikinci yay məktəbi keçirilib

31 iyul 2023    1176 share share

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının  və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbi təşkil edilib.

26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçilmişdir. Yay Məkətbində vəkil Əli Hüseynovun iştirakı ilə  “Karyera söhbətləri” aparılmış, vəkil Günay Sultanova, Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyev, Baş Prokurorluğun əməkdaşı Tamerlan Niftəliyevin təlimçi qismində iştirakı ilə Səhnələşdirilmiş Məhkəmə təşkil edilmişdir. Eyni zamanda təlimlərdə vəkillər Xəyal İbrahimov, Altay Mustafayev, Paşa Səfərov təlimçi qismində iştirak etmiş, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan  Qəhrəmanzadə tələbələrə təqdimat xarakterli təlim keçmiş və Qadın Vəkillər Alyansı ilə tələbələr arasında görüş təşkil edilmişdir.

Yay Məktəbində tələbərin asudə vaxtlarının səmərəli təşkil edilməsi də təmin edilmişdir. Belə ki,  intellektual və idman oyunları, Şəki Xan sarayına və Şəki şəhərinə səyahət təşkil edilmişdir.

5 gün müddətində davam edən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin 30 iyul tarixində Şəki Olimpiya İdman Kompleksində baş tutan bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək hüquqşünaslığın sərbəst həmçinin də  peşəkar forması olan vəkillik peşəsini seçən gənclərə daim qanunun aililiyinə hörmət, ədalət mühakiməsinin maraqlarına xidmət etmələri və hüquqi yardımların keyfiyyətinin yaxşılaşdırılması baxımından şəxsi davranışlarının hər zaman nümunəvi olmalarına çağırış edərək gələcəyin vəkillərinə uğurlar arzu ediblər.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş, iştirakçılarla birlikdə xatirə şəkli çəkilmişdir.

Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və ikinci dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 15 yerli və beynəlxalq universitetdən 353 hüquqşünas tələbə müraciət etmiş, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc  seçilərək düşərgədə iştirak haqqı qazanmışdır.