Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa Şurasının Help proqramının təşviqi və istifadəçilərinin sayı üzrə ölkəmiz 47 ölkə arasında 10-cu yerdədir

27 iyun 2018    4050 share share

İyunun 21-22-də Fransanın Strasburq şəhərində Avropa Şurası tərəfindən həyata keçirilən Hüquqşünasların İnsan Hüquqları üzrə Maarifləndirilməsi Proqramının (HELP-in) 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilmişdir. “Keyfiyyətli qərarlar üçün keyfiyyətli tədris” başlığı altında keçirilən konfransda Avropa Şurasına üzv ölkələrin ədliyyə akademiyaları və vəkillər kollegiyalarının nümayəndələri və HELP proqramının ölkələr üzrə təmsilçiləri iştirak etmişdir.

Tədbir Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni və Parlament Assambleyasının sədri Mikele Nikoletti tərəfindən açıq elan edilərək, HELP proqramının AŞ arealında fəaliyyət göstərən hüquqşünasların peşə vərdişlərinin daha da inkişaf etdirilməsindəki əhəmiyyəti vurğulanmış, AŞ konvensiyalarının öyrənilməsinin zəruriliyi qeyd olunmuşdur.

Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin sədr müavini Linos-Aleksandr Sicilianos tərəfindən bildirilmişdir ki, son dövrlər Avropa Məhkəməsi öz fəaliyyətində yeni dövrün çağırışları ilə qarşı-qarşıya gəlmişdir. Belə ki, İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının yeni - 16-cı Protokoluna əsasən, artıq Avropa Məhkəməsi Konvensiyanın insan hüquqlarına dair maddələrinin düzgün təfsiri üzrə üzv ölkələrin ali instansiya məhkəmələrinin sorğularına rəylər verə bilir. Bu mənada, Konvensiyanın yerli səviyyədə tətbiqində HELP proqramı üzrə keçirilən tədris tədbirlərinin əhəmiyyəti bir daha vurğulanmışdır.

Konfrans ərzində bildirilmişdir ki, HELP proqramında distant kursların keyfiyyət və kəmiyyəti yenilənmişdir. Belə ki, proqrama “Qaçqın və miqrant uşaqların hüquqları”, “Biotəbabətdə əsas insan hüquqları”, “Yuvenal ədliyyə”, “İnsan alveri ilə mübarizə”, “Cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq”, “Əlillərin hüquqları” və s. aktual mövzular üzrə tədris kursları əlavə olunmuşdur.

Konfransda həmçinin HELP proqramının məşvərətçi şurasın yeni üzvlər seçilmişdir.

Tədbirin sonunda AŞ-nın İnsan Hüquqları Baş Direktorluğunun İnsan Haqları Siyasəti və Əməkdaşlıq Departamentinin rəhbəri Mixail Lobov tərəfindən yerli tədris müəssisələrinın HELP proqramını öz dərs cədvəllərinə əlavə eləmələri istiqamətində tövsiyə səsləndirilmişdir.

Qeyd olunmalıdır ki, hər il olduğu kimi bu il də konfrans ərzində ötən il üzrə AŞ-nın 47 üzv ölkəsində HELP-in təşviqi və istifadəçilərinin sayına dair reytinq cədvəli formalaşdırılmışdır. Axır illərədək Azərbaycanın 47 ölkə arasında sonuncu yerlərdən birini tutmasına baxmayaraq, ölkəmiz siyahıda irəliləyərək 2016-cı ilin yekunu üzrə 13-cü, 2017-cü ilin yekunu üzrə isə 10-cu yerə çıxmışdır. Məlumat üçün bildirilməlidir ki, qeyd olunan cədvəl üzrə ölkəmiz Cənubi Qafqaz ölkələri arasında ilk sıradadır.

Tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və HELP platformasının hakimlər üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən təmsil olunmuşdur.