13 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında Kollegiyanın Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi”nin qalibləri açıqlanıb.
Vətənpərvərlik dəyərlərinin təbliği mövzusunda olan müsabiqənin məqsədi hüquq toplumuna məxsus şeir, hekayə çərçivəsində şəxsi əsərlərin qiymətləndirilməsi və yayımlanmağa dəyər qazanmış əsərlərin yayımlanmasından ibarətdir.
Vəkil Klubu tərəfindən keçirilən sayca III müsabiqəyə ondan çox iştirakçı qatılıb. Bir-birindən maraqlı əsərlərini təqdim edən iştirakılardan üç nəfər qalib adını qazanıb. Müsabiqəyə qatılanlardan "Kəngərli və partnyorları" Vəkil Bürosunun vəkili Aslan Heydarov birinci, hüquqşünas Şəhriyar Həbilov ikinci, Nüşabə Əhməd isə üçüncü yerin sahibi olub.
İclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov tərəfindən onlara mükafatlar təqdim edilib və iştirakçılara gələcək həyatda uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənim Azərbaycan!” adlı III Vəkil bədii yaradıcılıq müsabiqəsi”ndə vəkillər, onların ailə üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə vəkillərinin iştirakı nəzərdə tutulmuşdu. Hər bir iştirakçı isə müsabiqəyə iki əsər göndərə bilərdi. Əvvəllər yayımlanmış və ya hər hansı bir yarışmada mükafat qazanmış əsərlərin qəbulunda hər hansı bir məhdudiyyət yoxdur.