Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 05.11.2023-cü il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcəkdir.
Qəbul imtahanlarında iştirak üçün 330 namizədin sənədinin qəbul olunduğunu nəzərə alaraq, vəkilliyə qəbulla bağlı yazılı test imtahanı 05.11.2023-cü il tarixdə hər növbədə 165 namizəd olmaqla iki növbəli olaraq, saat 10:00-da və 15:00-da baş tutacaqdır. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcəkdir. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur.
Əlavə olaraq bildiririk ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər 05.11.2023-cü il tarixdə keçiriləcək imtahan üçün nəzərdə tutulan 330 yerin dolduğunu nəzərə almalıdırlar. Vəkilliyə qəbulla bağlı növbəti imtahanlarda iştirak üçün namizədlər Vəkillərin Sənəd Qəbulu Komissiyasına indidən müraciət edə bilərlər.
Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.