“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində vəkilin xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq hüququ təsbit olunub. Bu hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müdafiəçinin hüquqlarını nəzərdə tutan 92-ci maddəsində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək hüququ kimi təsbit edilir.
Həmin Məcəllənin 97.1.-ci maddəsində göstərilir ki, ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
Xatırladım ki, “Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 18 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanunun 1.1 bəndinə əsasən Qanunun adında “Dövlət məhkəmə ekspertizası” sözləri “məhkəmə ekspertizası” sözləri ilə əvəz edilib. Həmin Qanunun 21-ci maddəsində məhkəmə ekspertizasının aparılmasının əsasları nəzərdə tutulub. Bu maddənin tələbinə əsasən, məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir.
Həmin maddənin tələbinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda fiziki və hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələr) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması onun imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Göründüyü kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsində vəkilin xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq hüququ, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müdafiəçinin hüquqlarını nəzərdə tutan 92-ci maddəsində müdafiəçinin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək hüququ təsbit olunsa da, elə həmin Məcəllənin 97.1.-ci maddəsində ekspertin yalnız cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxs olması təsbit olunur. Cinayət Prosessual Məcəlləsinin 97.1-ci maddəsində ekspertin yalnız cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxs olmasının təsbit olunması, müdafiəçi-vəkil tərəfindən və ya vəkilin sifarişi ilə ekspert müəssisəsinin ekspert təyin etməsini imkansız edir. Ona görə də həm “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsində, həm də Cinayət Prosessual Məcəlləsinin müdafiəçinin hüquqlarını nəzərdə tutan 92-ci maddəsində təsbit olunmuş, vəkilin xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq hüququnun reallaşdırılması və bu imkanın yaradılması üçün Cinayət Prosessual Məcəlləsinin 97.1-ci bəndində ekspertin və müdafiə tərəfin sifarişi ilə təyin olunmasının təsbit olunması zəruridir. Yəni həmin maddədən “cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə” sözlərindən sonra “müdafiə tərəfin sifarişi ilə” sözlərinin əlavə olunması müdafiəçinin ekspert rəyi almaq hüququnun reallaşdırlmasını təmin edər.
Lakin yenə də müdafiəçinin bu hüququnun reallaşdırılmasında qanunvericilikdə təsbit olunmuş başqa bir əngələ diqqət yetirməyə bilmərik. Yuxarıda göstərildiyi kimi, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Həmçinin bu Qanun müdafiəçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş ekspertlərdən rəy almaq hüququnu yalnız Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarla, cinayət təqibində isə xüsusi ittihamlı işləri üzrə müəyyən etməklə məhdudlaşdırır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyası qanunun 10.3-cü bəndinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir.
Adı çəkilən Qanunun 12-ci maddəsində normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasının üsulları təsbit olunub. Maddənin tələbinə əsasən, normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi; normativ hüquqi aktda dəyişikliklər edilməsi; normativ hüquqi aktların məcəllələşdirilməsi üsulları ilə aradan qaldırılır.
Göründüyü kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun vəkilin fəaliyyətini tənzimləyən sahəvi normativ-hüquqi aktdır. Ona görə də “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 21-ci maddəsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.9.9-cu bəndinə uyğunlaşdırılmalıdır. Yəni “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsində vəkilin ekspert rəyi almaq və məhkəmə ekspertizası aparılmasını sifariş vermək hüququnun reallaşdırılmasının yalnız Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarla, cinayət təqibində isə xüsusi ittihamlı işləri üzrə müəyyən edilməsi aradan qaldırılmalıdır.
Həmçinin yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin müdafiəçinin hüquqlarını nəzərdə tutan 92-ci maddəsində müdafiəçinin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək hüququ təsbit olunub. Həmin Məcəllənin sübutların toplanmasını nəzərdə tutan 143.3-cü maddəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etmək hüququnu nəzərdə tutur.
Göründüyü kimi, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 143-cü maddəsi müdafiəçiyə fərdi şəxslərdən izahat almaqla sübut toplamaq hüququ verir, lakin həmin Məcəllənin 92.9.9-cu maddəsi bu hüququ yalnız cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaqla məhdudlaşdırır. Eyni zamanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsində vəkilin xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq hüququnu heç bir məhdudiyyət qoyulmadan təsbit etdiyi halda, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 92.9.9-cu maddəsi bu hüququ “şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək kimi təsbit etməklə, yenə də müdafiəçinin ekspert rəyi alması hüququnun yalnız xüsusi ittihamlı işlərə aid etməklə məhdudlaşdırır. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 92.9.9-cu maddəsinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə və həmin Məcəllənin 143.3-cü maddəsinə uyğunlaşdırılması zəruridir.
Göstərilən normativ hüquqi aktlarla müdafiəçinin ekspert rəyi əldə eməklə sübutların toplanmasında iştirak etmək hüququnun məhdudlaşdırılması ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir etməyə bilməz.
Avropa Məhkəməsinin “Proskurnikov Rusiyaya qarşı” işi üzrə qərarında ədalətli məhkəmə araşdırması hüququnun prinsipial əhəmiyyətini xatırladaraq qeyd edib ki, cinayət prosesi çəkişməli olmalı və ittiham tərəfi ilə müdafiə tərəfi arasında lazımi tərəflərin bərabərliyini təmin etməlidir. Avropa Məhkəməsinə şikayət edən Gennadi Proskurnikov şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin pozuntusuna əsaslanaraq (“Ədalətli məhkəmə araşdırması hüququ”) qeyd etmişdi ki, məhkəmə onun alternativ ekspertiza rəyi əldə etməklə bağlı vəsatətini rədd edib. Qərarda ərizəçiyə alternativ ekspert rəyi vermək imkanının yaradılması ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilib.
“Evstratiev Rusiyaya qarşı işi üzrə” qərarında Avropa Məhkəməsi müəyyən edib ki, proses bərabər və rəqabətli olmayıb, müdafiə tərəfi öz sübutlarını, ekspert rəylərini məhkəmədə təqdim etmək, ittiham tərəfinin ekspert rəylərinə etiraz etmək, onların qanun və qanun pozuntusu ilə əldə edildiyini sübut etmək imkanından məhrum edilib.
Cinayət prosesinin təşkilinin əsas prinsipləri çəkişmə və tərəflərin prosessual bərabərliyi prinsipləridir. Müdafiə tərəfinin məhkəmə ekspertizası təyin etməklə cinayət işi üzrə sübut bazası yaratmaq hüququnun olmaması cinayət-prosessual qanunvericiliyində bərabərlik prinsipinin pozulması ilə nəticələnir. Müdafiə tərəfinə bu imkanın verilməməsi müdafiə tərəfin istintaq və təhqiqatla bərabər səviyyədə olmasına uyğun gəlmir. Əlbəttə ki, müdafiə tərəfi özü bu imkana malik olmadığı üçün iş üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə hər hansı bir ekspertizanın təyin olunmasına dair vəsatətlə çıxış edə bilər. Məlum olduğu kimi, məhkəməyəqədərki istintaq mərhələsində cinayət işi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsini birbaşa müstəntiqin və ya dindirmə aparan şəxsin səlahiyyətlərinə aid edilib. Bu şəxslər cinayət təqibi və ittiham funksiyalarını yerinə yetirdiklərinə görə, belə müdafiə tərəfin iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yönələn vəsatətlərin qərəzsiz həlli çətinləşir. Müstəntiqin bu cür vəsatətlərin təmin edilməsindən imtina barədə qərarı əksər hallarda müdafiəçinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini tələb etdiyi halların cinayət işi üçün əhəmiyyət kəsb etməməsi kimi formal mülahizələrlə əsaslandırılır. Müstəntiqin vəsatətin təmin edilməsindən imtina edilməsi barədə qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb. Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər, o cümlədən müdafiəçi tərəfindən şikayət verilməsi nəzərdə tutulub. Lakin həmin Məcəllənin 449.3-cü maddəsində müdafiəçinin yalnız aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ təsbit olunub: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması.
Göründüyü kimi, müdafiəçinin ekspertiza təyin edilməsinə dair vəsatətinin təmin edilməməsinə dair müstəntiqin, təhqiqatçının və ya prokurorun qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək imkanı nəzərdə tutulmayıb. Əlbəttə, müstəntiqin və təhqiqatçının bu cür qərarından istintaqa, rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Ancaq yenə də oxşar problem yaranır - prokuror müstəntiqin qərarının motivasiya hissəsinin cinayət-prosessual qanuna formal uyğunluğunu öyrənməklə məhdudlaşa bilər. Bu halda, müəyyən edilməsi üçün ekspertizanın təyin edildiyi halların cinayət işi üçün əhəmiyyət kəsb etməməsinin göstəricisi prokuror tərəfindən müstəntiqin öz səlahiyyətləri daxilində qanuni hərəkəti kimi qəbul edilə bilər.
Göstərilənlərə əsaslanaraq bu belə nəticəyə gəlmək olar ki, məhkəməyəqədərki istintaq mərhələsində ekspertiza təyin edilməsi və aparılması üçün yeganə mümkün hal müstəntiqin cinayət təqibi məqsədləri üçün ekspert rəyinin alınmasının məqsədəuyğun və faydalı olması qənaətinə gəldiyi haldır. Məzmun etibarilə müdafiəçinin fəaliyyəti birbaşa kimi ittihamdan müdafiə olunmaq, ittihamın fəaliyyəti isə ittihamı müdafiə etməkdir. Sübutların əldə edilməsi ilə bağlı müstəsna səlahiyyətlərə malik olan ittiham tərəfi isə bu hissədə ondan asılı qalan müdafiə tərəfindən əlbəttə ki, daha güclüdür. Bununla da cinayət prosesində tərəflərin bərabərliyi və çəkişmə prinsipinin rolu sıfıra enir.
Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 92.9.9-cu şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar mütəxəssis fikrinin öyrənilməsini belə yalnız cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda mümkün edir.
Beləliklə, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinin və həmin Məcəllənin bu hüququ tənzimləyən digər normalarının sistematik şərhinə əsaslanaraq, bu nəticəyə gəlmək olar ki, müdafiəçinin hüquqi yardım göstərilməsi üçün zəruri olan sübutları toplamaq və təqdim etmək hüququ məhduddur.
İlhamə Həsənova
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü