Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Müdafiəçinin şahidlərdən izahat almaq hüququ – MƏQALƏ

18 oktyabr 2023    1682 share share

Təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndəsi sübutetmə fəaliyyətində yazılı sənədləri və əşyaları əldə edib sübut qismində cinayət işinə əlavə edilməsi üçün təqdim etməklə iştirak edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 143-cü maddəsinin 3-cü bəndi müdafiəçinin sübut toplamaq hüququnu, yəni onun həyata keçirə biləcəyi prosessual hərəkətləri fərdi şəxslərdən izahat almaq kimi nəzərdə tutur. Öz növbəsində CPM-in 92.9.9-cu maddəsi müdafiəçinin sübut toplamaq hüququnu şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə bağlı məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq hüququ kimi müəyyənləşdirir.

Cinayət prosessual qanunvericilik nəzərdə tutur ki, sübutetməni tərəflər həyata keçirməli, məhkəmə isə təqsirin sübut olunmasına dair məsələni həll etməlidir, lakin bu yalnız tərəflərin sübutların toplanmasında və təqdim edilməsində bərabər imkanlara malik olduqları şəraitdə mümkündür. İngilis-sakson ölkələrinin cinayət mühakimə icraatında sübutetmə materialı tərəflərin səyləri ilə məhkəməyəqədərki mərhələdə, qeyri-prosessual formada əldə edilir, sübutetmə, yəni sübutlarla əməliyyat isə bilavasitə məhkəmə baxışında həyata keçirilir.

Lakin kontinental Avropa ölkələrində, həm də Azərbaycanda prosesin başqa forması təşəkkül tapıb; sübutların toplanması və bu sübutlar əsasında ittihamın formalaşdırılması məhkəməyəqədərki mərhələdə prosessual formada həyata keçirilir.

Sovetlər Birliyi dağıldıqdan sonra 2000-ci ildə qəbul edilən CPM-də müdafiəçinin sübut əldə etmək və təqdim etmək hüququnun bəyan edilməsi cinayət mühakimə icraatının inkvizisiya modelini dağıtmadı və tərəflərin çəkişməsi prinsipini tam bərkitmədi. Yeni CPM-də qanunverici müdafiəçinin sübutların yığılması və təqdim edilməsi üzrə  səlahiyyətlərini həyata keçirmə mexanizmini yaratmamış, müdafiəçiyə  verilən sübut toplamaq hüququ ona bu hüququ reallaşdırmağa imkan verən müvafiq təminatlarla möhkəmləndirilməmişdir.

Azərbaycan CPM-in 143-cü maddəsi ittiham tərəfi üçün sübutların toplanma mexanizmi müəyyənləşdirilir. Müdafiəçinin sübut toplaması isə həmin maddənin 3-cü bəndində, bu hüququn mexanizmi müəyyənləşdirilmədən bu qadada nəzərdə tutulur: "Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır".

Göründüyü kimi, müdafiəçinin sübut toplaması yalnız fərdi şəxslərdən həmin şəxslərin razılığı ilə izahat almaq, həmçinin arayış, xasiyyətnamə və digər sənədlər tələb etmək hüququ ilə məhdudlaşdırılır. Müdafiəçinin fiziki şəxslərin razılığı ilə onları sorğu-sual etmək hüququ onun sübutetmədə iştirakını reallaşdıran ən vacib hüquqlardandır. Bununla belə, bu sorğulamanın keçirilməsi və bu zaman əldə edilmiş məlumatların təsbit edilməsi prosedurunun normativ hüquqi tənzimləməsinin olmaması, sorğuların nəticələrinə məhkəmələr tərəfindən müstəqil sübut növü kimi baxılmaması ilə nəticələnir, bu isə çəkişmə prinsipini pozur. Çünki müdafiəçinin fiziki şəxsləri sorğulaması nəticəsində əldə etdiyi məlumatlar müstəqil sübut statusuna malik deyil. Müdafiəçi bu məlumatları istintaq aparan orqana və ya şəxsə verməli, həmin şəxs qarşısında sorğuladığı şəxslərin dindirilməsi ilə bağlı vəsatət qaldırmalıdır. Əgər vəsatət təmin edilərsə, bu şəxslər dindiriləcək, onlardan cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada ifadə alınacaq, bu istintaq hərəkəti potokollaşdırılacaq, yalnız bundan həmin şəxslərdən alınan məlumatlar sübut qüvvəsi olacaq.

Bu məsələdə ABŞ-ın təcrübəsi maraqlıdır. Həmin ölkədə cinayət prosesində təqsirləndirilənin müdafiə hüququ Hüquqlar haqqında Billə 6-cı əlavədə nəzərdə tutulur. İlkin istintaq mərhələsində müdafiəçi ittiham tərəfin şahidlərini dindirir, öz işin halları barədə məlumat əldə etmək və məhkəmədə özünə sərf edəcəyi halda istifadə etmək üçün öz şahidlərini müəyyənləşdirərək çağırıb dindirir. ABŞ-ın əksər ştatlarında  ilkin istintaq zamanı tədqiq edilən şahid ifadələrini protokollaşdırmamağa icazə verilir.

Göründüyü kimi, ABŞ qanunvericiliyi məhkəməyəqədərki istintaq mərhələsindən başlayaraq, vəkilə nəinki öz şahidlərini, hətta ittiham tərəfin şahidlərini dindirib, onlardan müdafiə üçün zəruri olan məlumatları əldə etmək hüququ verir. Və bu dindirmə dispozitiv münasibətlərə söykənmir. Yəni dindirmə üçün şəxslərin razılığını alma tələb olunmur. Həmin şəxslər ittiham tərəfə, istintaqı aparan orqan və şəxslərə necə ifadə vermək öhdəliyi daşıyırsa, müdafiə tərəfinə də ifadə verməyə borcludurlar.

Azərbaycan qanunvericiliyi müdafiəçi vəkilə şəxsləri onların razılığı ilə sorğulamaqla sübut toplamaq səlahiyyəti versə də, bu hüququn reallaşdırılmasını tənzimləməyi unutmuşdur. Azərbaycan CPM-in 143.1 maddəsində göstərilir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məlum olduğu kimi, göstərilən istintaq hərəkətlərinin və digər prosessual hərəkətlərin həyata keçirilməsi səlahiyyəti hüquq-mühafizə orqanlarına verilir, müdafiəçi vəkil tərəfindən şəxslərin dindirilməsi isə bir qayda olaraq onların razılığı əsasında həyata keçirilir. Dindirmə konkret suallara cavab formasında, ya da hekayənin sərbəst danışılması, sonda isə dəqiqləşdirici suallara cavab formasında rəsmiləşdirilə bilər. Eyni zamanda həmin şəxsin müstəntiq tərəfindən dindirilməsindən sonra da, müdafiə üçün əhəmiyyət kəsb edən, həmin dindirmədə aydınlaşdırılmamış sualların cavablandırılması üçün bu şəxslərin müdafiəçi vəkil tərəfindən dindirilməsi həyata keçirilə bilər. Bu cür dindirmənin gedişatının və nəticələrinin rəsmiləşdirilməsi qaydası da artıq yuxarıda qeyd edildiyi kimi cinayət prosessual qanunvericiliklə tənzimlənmir. Hazırda təcrübədə vəkil tərəfindən şəxslərin sorğulanmasında əldə edilən məlumatların rəsmiləşdirilməsinin müxtəlif formaları təşəkkül tapmışdır; bu vəkilin öz qeyd dəftərində müvafiq qeydlər etməsindən başlamış, ərizə, məlumat, izahatlar formasında rəsmiləşməyə qədər müxtəlif formalarda baş verir. Bundan sonra həmin ərizə, izahat və ya digər formada rəsmiləşdirilmiş məlumat müstəntiqə və ya məhkəməyə təqdim edilir. Lakin təcrübə göstərir ki, bir çox hallarda müstəntiqlər və məhkəmələr bu tipli məlumatları iqnor edirlər. Bu baxımdan da müdafiəçi vəkilin sübut toplama üsulu kimi, onun tərəfindən şəxslərin sorğulanması məsələsi xeyli aktuallaşmışdır. Bu sorğulama sorğulanan şəxsin razılığı ilə həyata keçirilməklə, könüllü xarakter daşıyır və ilk baxışdan prosedursuz, vəkillə sorğulanan şəxsin tənzimlənməyən dialoqu təəssüratı bağışlayır. Hüquq ədəbiyyatında belə bir fikir formalaşıb ki, vəkil tərəfindən şəxslərin sorğulanması ilə əldə edilən məlumatlar, yalnız həmin şəxslərin sonradan səlahiyyətli subyektlər, təhqiqatçı, müstəntiq, prokuror, məhkəmə tərəfindən dindirilməsindən sonra mümkün sübut hesab olunur. Bu fikir onunla əsaslandırılır ki, cinayət prosessual qanunvericiliklə müdafiə vəkilə sübut toplamaq hüququ verilsə də, bu sübutların mümkünlüyünü qiymətləndirmək hüququ verilmir.

Müdafiəçi vəkil şəxsləri onların razılığı ilə sorğulamaqla bu hərəkətin gedişatını və nəticələrini cinayət prosessual qanunvericiliyin dindirmə protokollarının rəsmiləşdirilməsi qaydalarına uyğun rəsmiləşdirə bilər. Lakin bu halda şəxsin öz razılığı ilə könüllü izahat verməsi qeydi göstərilməli, həm də bu zaman şəxs bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilməyəcək. Qanunvericilik şəxsləri onların razılığı ilə dindirərkən vəkilin verə biləcəyi sualların dairəsini müəyyənləşdirmir. Belə hesab olunur ki, işə aidiyyəti olan istənilən məlumat alına bilər. Ancaq hər şeydən əvvəl, göstərilən hərəkətə başlamazdan, sorğulanan şəxsin şübhəli və ya təqsirləndirilən şəxsə bəraət qazandıracaq və ya onun məsuliyyətini yüngülləşdirməyə kömək edəcək məlumata, məsələn, şübhəli və ya təqsirləndirilən şəxsin alibisini təsdiqləyəcək məlumata malik olduğunu müəyyən etmək lazımdır. Sorğulanan şəxs sorğulanmaya razılıq verə də bilər, verməyə də bilər, istədiyi suala cavab verər, istəmədiyinə isə cavab verməyə bilər.

Şəxsin razılığı ilə onun dindirilməsi formasında sübut toplamaq istəyən bir vəkillə bağlı cinayət işini misal çəkmək olar. Göstərilən halda vəkil şahidin razılığı ilə onu sorğulamaqla təqsirləndirilən şəxsin alibisini təsdiq edən məlumat əldə etmişdir. Lakin həmin şəxsin istintaq orqanı tərəfindən dindirilməsi zamanı şəxs bəyan edir ki, vəkil onu aldatmış, özünü ona prokuror kimi təqdim edərək, diqtə etdiklərini yazmağı tələb etmişdir. Bu minvalla da, vəkilin hüquqi yardım göstərdiyi iş ona qarşı çevrilmişdir. Göstərilənlərə əsasən, bu nəticəyə gəlmək olar ki, vəkil sorğulaması formal və qeyri-formal başlanğıcların uzlaşdığı hüquqi prosedurdur. Bu prosedurda sanksiyalar, tabelilik münasibətləri yoxdur, o dispozitiv xarakter daşıyır. Bu prosesin reqlamenti mövcud deyil, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi qaydaları qanunvericiliklə tənzimlənmir. Müdafiəçi vəkil tərəfindən şəxslərin sorğulanması məsələsinə dair Rusiya Konstitusiya Məhkəməsinin bu ölkənin Cinayət Məcəlləsinin 86-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndinin Konstitusiyaya uyğunluğunun yoxlanmasına dair qərarı maraq doğurur. Məhkəməyə müraciətdə göstərilirdi ki, bu norma Rusiya Konstitusiyasının 48-ci maddəsinin 1 hissəsinə uyğun deyil. Belə ki, vəkilin müdafiə etdiyi şəxsin xeyrinə sübut təqdim etmək hüququnu məhdudlaşdırır və müdafiəçinin sorğuladığı şəxsin yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilməsini nəzərdə tutmur. Bununla da cinayət mühakimə icraatını həyata keçirən orqan və şəxslərə imkan verir ki, bu cür sorğulamanın nəticələrini sübut kimi tanımasınlar. Konstitusiya məhkəməsi bu şikayətə baxışa qəbul etməkdən imtina edərək göstərməyib ki, sorğulamanın prosessual formasının və nəticələrinin rəsmiləşdirilməsinin qanunvericiliklə tənzimlənməməsi  qanunun pozulması kimi qiymətləndirilə bilməz və həmin sorğulamanın nəticələrinin iş materiallarına əlavə edilməsindən imtina üçün əsas deyil. Bu halda müdafiəçi vəkil tərəfindən əldə edilən məlumatlar, vəkilin sorğuladığı şəxslərin dindirilməsi və yaxud da digər istintaq hərəkətlərinin həyata keçirilməsinə əsas ola bilər, çünki həmin məlumatlar yoxlanılmalı və qiymətləndirilməlidir.

Cinayət prosessual qanunvericilikdə uzun müddətdir ki, vəkilin şəxsləri onların razılığı ilə dindirmə hüququnun təsbit olunmasına baxmayaraq, təcrübədə vəkillər bu hüquqdan o qədər də geniş istifadə etmirlər. Bu, bir tərəfdən yuxarıda göstərildiyi kimi, bir sıra hallarda vəkilin hüququ çərçivəsində fəaliyyətinin nəticəsinin ona qarşı yönələ biləcəyindən ehtiyat etməsi ilə bağlı olsa da, digər tərəfdən həmin dindirmə nəticəsində əldə edilən məlumatların sübut gücünə malik olmamasıdır. Nəticə etibarilə istintaq və məhkəmə təcrübəsində vəkilin şəxsi sorğulamasının icra mexanizmi, prosessual möhkəmləndirilməsi, sorğulamanın nəticələrinin sübut gücü ilə bağlı qeyri-müəyyənlik kök salmışdır.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda vəkilə qanunvericiliklə qadağan olmayan üsul və vasitələrlə sübut toplamaq səlahiyyəti verilib. Azərbaycan CPM-in 143-cü maddəsində vəkilin şəxsləri dindirməsi üçün həmin şəxslərin razılığı tələb olunur. Bu üsulla vəkilin sübut toplamasına çərçivə, məhdudiyyət müəyyən olunur. Ona görə də, fikrimcə, vəkilin bu hüquqdan istifadə edərək, şəxsləri onların razılığı ilə dindirməsi bu şəxslərin ifadəsi kimi onların bilə-bilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdar edilməsi ilə protokol qaydasında rəsmiləşdirilməlidir. Bu halda həmin protokol sübut qüvvəsinə malik olur. Həmçinin müdafiə tərəfin ittiham tərəflə bərabərhüquqlu çəkişməsinin təmin olunması üçün müdafiə tərəfinə yalnız şəxslərin razılığı ilə deyil, iş üzrə əhəmiyyət daşıyan hallarla bağlı məlumata malik olan şəxsləri onların razılığı olmadan da dindirmək hüququ verilməlidir. Həmçinin cinayət prosessual qanunvericilikdə bu hüququn reallaşdırma mexanizmi nəzərdə tutulmalıdır.

Hesab edirəm ki, ABŞ-ın qeyd olunan təcrübəsi cinayət mühakimə icraatında sübutetmədə çəkişmə və tərəflərin hüquq bərabərliyinin tam təmin edilməsinə söykənir.  Cinayət mühakimə icraatında şübhəli və təqsirləndirilən şəxsə keyfiyyətli hüquqi yardım göstərilməsinin təmin edilməsi, sübutetmədə vəkilə müstəntiq, prokuror, təhqiqatçı ilə bərabər imkanların yaradılması ilə bağlıdır. Müdafiə tərəfinə əks mövqedə duran adıçəkilən subyektlərə müdafiəçi vəkilə verilməyən imkanların verilməsi çəkişmənin bərabərlik əsasında həyata keçirilməsini təmin edə bilməz. Əgər təhqiqatçı, müstəntiq, prokuror iş üzrə istənilən şəxsləri məhdudiyyətsiz dindirə bilirlərsə, bu şəxslər ittiham tərəfi hesab olunan adıçəkilən subyektlərə ifadə verməməyə və yalan  ifadə verməyə görə məsuliyyət daşıyırlarsa, müdafiə tərəfi də eyni hüquqlara və imkanlara malik olmalıdır. Cinayət prosessual qanunvericiliklə müdafiəçi vəkilə şəxsləri dindirmək hüququ istinasız və məhdudiyyətsiz verilməli və bu halda həmin şəxslər üçün vəkilə ifadə verməməyə və ya yanlış ifadə verməyə görə məsuliyyət nəzərdə tutulmamlıdır.

Onu da qeyd edim ki, Vəkillər Kollegiyası tərəfindən bu məsələ dəfələrlə müvafiq müzakirələrdə səsləndirilmiş və qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər edilməsi təşəbbüsü irəli sürmək hüququna malik olan şəxslər qarşısında qaldırılmışdır.

İlhamə Həsənova

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü