Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib

19 oktyabr 2023    812 share share

Ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutan ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının Bakının "Gülüstan" sarayında bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.

Qurultayın açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra “Heydər Əliyev və Dövlət Qadın siyasəti” haqqında film nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər  şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

Qurultayı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. O, aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahədə töhfə verəcəyinə inanamını bildirib, Qurultayın işinə uğur arzu edib.

Sonra Baş nazirinin müavini Əli Əhmədov, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın çıxışları və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin video-təbriki dinlənilib.

Qurultay panel müzakirələrlə davam edib.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda II panel müzakirəsi baş tutub.

Panel Müzakirədə çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “Hüquq-mühafizə orqanlarında gender bərabərliyi prinsipləri” mövzusunda çıxış edərək, qadınların güc strukturlarında təmsil olunması istiqamətində görülən işlər barədə məlumat verib.

A.Bağırov son dövrlərdə hüquq-mühafizə orqanlarında, xüsusilə vəkillik, prokurorluq, polis, məhkəmə-hüquq, ədliyyə sahəsində xanımların marağının artmasını, onların işə qəbul prosesində aktiv iştirak etdiyini vurğulayıb. O, həmçinin bildirib ki, gender bərabərliyinin əhəmiyyətini nəzərə alaraq, onun hüquq-mühafizə sahəsindəki təsiri xüsusilə böyük əhəmiyyətə malikdir.

Vəkillər Kollegiyasının da vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər gördüyünü qeyd edən A.Bağırov  deyib ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Qadın Vəkillərin Alyansı yaradılıb. Həmçinin gender bərabərliyinin təmini istiqamətində bir sıra dövlət qurumları ilə səmərəli əməkdaşlıqlar qurulub.

Panel müzakirə çərçivəsində həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Siyasətin fəlsəfəsi və Sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan Atabek, Türkiyə İş Qadınları Dərnəyinin sədri Nilufer Bulut müvafiq mövzularla çıxışlar edib.

Müzakirələrdə Azərbaycanda gender bərabərliyi sahəsində mövcud vəziyyət, qadın sahibkarlığının inkişafı, son illərdə gender amilinə dövlət idarəçiliyində artan diqqət, eyni zamanda bu sahədə problemlər və həlli yolları istiqamətində fikir mübadiləsi aparılıb.

Panelin yekununda növbəti illər üzrə bu problemlərin qarşısının alınması istiqamətində tədbirlərin daha da gücləndirilməsi məqsədilə təkliflər irəli sürülüb.

Sonda Qurultay iştirakçılarının Prezidentə müraciəti səsləndirilib və Qurultayın qətnaməsi qəbul olunub.

Qeyd etmək istərdik ki, Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olub.

Xatırladaq ki, Qurultayda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə xanım Əfrasiyabova və Kollegiyanın Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova da iştirak edib.