Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının sədr müavini Polis Akademiyasında keçirilən konfransda iştirak edib

28 oktyabr 2023    1006 share share

27 oktyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil edilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Zəfər Gününə” həsr olunmuş “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Zəfər tarixi" mövzusunda respublika elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin,  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, tələbələri və kursantları qonaq qismində iştirak ediblər. Elmi-praktik konfransda bir çox ölkədaxili qurumdan 150-dən artıq əməkdaş birbaşa və onlayn formatda  iştirak ediblər.

Tədbir iştirakçıları Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyduqdan sonra konfrans zalında Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

İlk olaraq konfrans iştirakçılarını salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Zəfər tarixinin əldə olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu” mövzusunda açılış nitqi ilə çıxış edib və konfransın işinə uğurlar arzulayıb. C.Daanov həmçinin Ümummilli liderimiz Heydər Əliyevin “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir” sözlərini vurğulayaraq Daxili işlər orqanlarının inkişafının daim H.Əliyevin diqqət mərkəzində olduğunu bildirib.  Akademiya rəisi 1990-cı illərin əvvəlində, Azərbaycanın öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çətinliklərlə üzləşdiyi bir zamanda əsas yükün məhz Ulu öndərin rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşdüyünü diqqətə çatdırıb. C.Daanov Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisinin bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli işini şərəflə yerinə yetirdiyini, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı layiqli xidmətləri ilə doğrultduğunu  bildirib.

Sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Fizuli Salahov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev və DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli salamlama nitqi ilə çıxış ediblər.

Konfransda çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev nəinki Azərbaycanın Zəfər tarixini yazdı, o, həm də bu tarixi dünya salnaməsinə saldı və ölkəmizi müstəqil, güclü, hüquqi dövlətə çevirərək bütün dünyaya tanıtdı.

O diqqətə çatdırıb ki, qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətlilik, humanizm və insanpərvərlik Heydər Əliyevin yaşamının, strategiyasının mühüm tərkib hissələridir. Ulu Öndərin bütün həyatı və fəaliyyəti milliyyətindən, dinindən, dilindən, irsindən asılı olmayaraq, bütün insanların hüquq və azadlığının müdafiəsinə yönəlmişdi.

Sədr müavini vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Heydər Əliyev strategiyası baxımından mütləq idi və bu baş verdi. Ulu Öndərin bu uğurlu siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən 20 ildir uğurla davam etdirildiyini söyləyən Pərviz Ələkbərov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında möhtəşəm qələbəsinin təmin olunduğunu qeyd edib.

Azərbaycanda vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyəti bilavasitə Ümummilli Liderin adı ilə bağlı olduğunu deyən sədr müavini onun digər sahələrdə olduğu kimi, bu sahədə də uzaqgörən siyasəti cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirildiyini, bu sahədə bir sıra mühüm islahatlar aparıldığını, vəkilliyə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.

Daha sonra konfrans iştirakçılarının, eyni zamanda kursant və tələbələrin “Azərbaycan Respublikasında demokratik seçki hüquq institutunun formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin rolu”, “Ulu öndərin yolu Zəfərin siyasi-hüquqi və ideoloji əsasıdır”, “Zəfərə gedən yol hüquqi müstəvidə”, “Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafa aparan müasir vergi sistemi”, “Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə Heydər Əliyev siyasi irsinin təntənəsi”, “Heydər Əliyev strategiyasından Zəfərə uzanan yol: mövcud vəziyyət və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar”, “Heydər Əliyev qalib ordunun qurucusudur” və “Heydər Əliyev-Zəfərə aparan yolun başlanğıcı” mövzularında təqdimatları dinlənilib.

Konfransın mövzusu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

DİN-in Polis Akademiyasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil etdiyi tədbirin sonunda rəhbərlər konfrans iştirakçılarına öz təşəkkürlərini bildiriblər.