Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş konfrans keçirilib

20 noyabr 2023    791 share share

Cari ilin noyabr ayının 17-də Avropa Şurasının Azərbaycandakı Ofisinin və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş “Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı açıq elan edən Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri, səfir Petr Zix Hüquq fakültəsi ilə Avropa Şurasının əməkdaşlığını təqdirəlayiq hal kimi qiymətləndirib, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Konvensiyasının hüquqi statusu və mahiyyəti barədə məlumat verib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev konfrans iştirakçılarını salamlayaraq, Avropa Konvensiyasının ratifikasiyasının Azərbaycan üçün hüquqi əhəmiyyəti, eləcə də insan hüquqlarının və əsas azadlıqların təminatı baxımından xüsusi rolundan bəhs edib.

Daha sonra Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov “Avropa İnsan Hüquqları Konvensiyasının təşviqində Vəkillər Kollegiyasının rolu”, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rolu”, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan”, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Avropa İnsan Hüquqları Konvensiyasının konstitusiya ədalət mühakiməsinə təsiri”, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Azərbaycanın Avropa hüquq məkanına inteqrasiyasında Ulu Öndərin rolu”, Milli Məclisin deputatı, AŞPA İnsan Hüquqları Alt komitəsinin sədri Kamal Cəfərov “Avropa Şurası Parlament Assambleyası və Azərbaycan”, habelə Avropa İnsan Hüquqları Məhkəməsi Katibliyinin baş hüquqşünası Xaqani Quliyev “Avropa İnsan Hüquqları Konvensiyasının beynəlxalq hüquqda yeri”, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu” mövzusunda çıxışlar ediblər.

Qeyd edək ki, konfransda hakimlər, vəkillər, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri ilə yanaşı, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri də iştirak ediblər.