Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN MƏLUMATI

10 iyul 2018    4398 share share

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunmuş, vəkil qurumları tərəfindən təqdim olunmuş, növbətçilik cədvəlləri təsdiq edilmişdir.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.

Daha sonra, vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunmuş, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabinetində” fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınmışdır. 

Bundan başqa, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilmişdir.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilmişdir. 

Qeyd olunmalıdır ki, dünən Rəyasət Heyətinin iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilmişdir. Bununla əlaqədar Rəyasət Heyəti bildirir ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Fuad Ağayevin öz iştirakı ilə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vəkil Fuad Ağayev öz müvəkkili ilə görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törətmiş, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Həmçinin, Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmışdır.

Bununla da vəkil Fuad Ağayev tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 16-cı maddənin 1-ci hissəsinin, 18-ci maddəsinin və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 1.2, 2.5, 2.7 və 2.13-cü maddələrinin tələblərinin pozuntusuna yol verildiyi müəyyən olunmuşdur.