Cari ilin 27-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova və Vəkillərin İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun rəhbəri İsmayıl Kəngərli Hindistan Milli Hüquqi Xidmətlər İdarəsi (NALSA), Beynəlxalq Hüquq Fondu (ILF), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Hindistan Ali Məhkəməsində (HAM) hüquqi yardıma çatımlılıq üzrə 1-ci regional Konfrans: “Qlobal Cənubda ədalət mühakiməsinə çatımlılığın genişləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər.
Konfransda Hindistanın Prezidenti Droupadi Murmu, Hindistanın Vitse-prezidenti Jagdeep Dhankhar, HAM-nin sədri Dhananjaya Chandrachud, Hindistanın dövlət-hüquq və ədliyyə naziri Arjun Ram Meghval, Hindistanın Baş Prokuroru R.Venkataramani, Beynəlxalq Hüquq Fondunun icraçı direktoru Jennifer Smith, dünyanın müxtəlif ölkələrinin Ali Məhkəmələri, Ədliyyə nazirliklərinin rəhbərliyi, vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın plenar iclasından sonra Azərbaycan nümayəndə heyəti Ali Məhkəmə və Ədliyyə nazirliklərinin dəyirmi masalarında, həmçinin HAM-in sədri Dhananjaya Chandrachudun iqamətgahında və Hindistanın dövlət-hüquq və ədliyyə naziri Arjun Ram Meghvalın iqamətgahında rəsmi ziyafətdə iştirak edib, iştirakçılarla görüşlər keçiriblər.
Həmçinin, HAM-in rəhbərliyi konfrans iştirakçılarını Hindistan Ali Məhkəmə kompleksi və Ali Məhkəmə hakimlərinin kitabxanası ilə tanış edib. ARVK-nın nümayəndə heyəti konfransda və görüşlərdə iştirakçıları Azərbaycanda həyata keçirilən hüquq islahatlarından, hüquqa və dövlət xidmətlərinə çatımlılığın Azərbaycan modeli olan “ASAN xidmət”dən, ölkəmizdə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən, habelə qanunvericiliyin təkminləşdirilməsi, dövlət başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar Azərbaycan modeli, Vəkillər Kollegiyasının maliyyə müstəqilliyi, Qadın Vəkillər Alyansının yaradılması, azyaşlılar və qadınlara hüquqi yardım, görülmüş işlər və perspektivlərlə bağlı məlumatlandırıblar.
Hüquqa çatımlılığın Azərbaycan modeli tədbir təşkilatçılarının və digər dövlət rəsmilərinin diqqətini cəlb etdiyi, bu çərçivədə ölkəmizə səfər etməkdə maraqlı olduqlarını bildiriblər.