Dekabrın 1-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasında (ARVK) Misir Ərəb Respublikasının Dövlət
Şurasının (Ali İnzibati Məhkəməsi) və Dünya Bankının nümayəndə heyəti ilə görüş
keçirilib.
Görüşü giriş sözü ilə açan
ARVK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov
qonaqları Kollegiyanın sədri Anar Bağırovun və vəkil korpusunun adından
salamlayaraq, Azərbaycan ilə Misir xalqları arasında uzun illər dostluq münasibətlərinin
mövcud olduğunu, bu münasibətlərin mədəni, iqtisadi və digər sahələrdə özünü
göstərdiyini bildirib.
ARVK-nın beynəlxalq əlaqələrə
üstünlük verdiyini deyən sədr müavini hər iki dövlətin vəkilləri arasında
dostluq münasibətlərinin və sıx əlaqələrin olmasını, bu görüşün isə daimi əlaqələrin
təməli olacağına ümid etdiyini ifadə edib.
O, eyni zamanda Azərbaycanda
vəkilliyin tarixindən, son 6 ildə VK-nın fəaliyyəti, görülən işlərdən danışıb,
ölkəmizdə vəkilliyinin yeni inkişaf mərhələsinin 2017-ci ilin sonları, 2018-ci
ilin əvvəllərində başladığını, həmin ildən Kollegiyanın Rəyasət Heyətində mühüm
dəyişikliklərin olduğunu deyib. Diqqətə çatdırılıb ki, cənab Prezidentin “Azərbaycan
Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22
fevral 2018-ci il tarixli Sərəncamı Azərbaycanda vəkilliyin inkişafının yeni mərhələsinə
qədəm qoyması üçün əsas olmuşdu. Həmin Sərəncam vəkillik fəaliyyətinin bir çox
sahələrini əhatə edib, gənc hüquqşünaslar vəkillik fəaliyyətinə cəlb olunub, vəkillərin
sayı 3 dəfə artırılaraq 2400 nəfərə çatıb, VK tərəfindən vəkillik fəaliyyətinin
elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı, aztəminatlı şəxslərə
ödənişsiz hüquqi yardımların göstərilməsi, habelə hüquqi yardımın keyfiyyətinin
artırılması istiqamətində və.s çoxsaylı işlər görülüb.
O, həmçinin vəkillikdə
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük
verildiyini, bu sahədə bir sıra layihələrə imza atıldığını, o cümlədən Dünya
Bankı ilə əməkdaşlığın səmərəli və faydalı olduğunu söyləyib.
Görüşdə VK-nın Baş katibi
Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər ARVK-da görülən işlərin
hesabatlılığını təqdim edib, beynəlxalq təcrübənin öyrənilməsi də daxil olmaqla,
vəkillikdə elektron xidmətlərin tətbiqinə başlanıldığını, hazırda isə uğurlu fəaliyyət
göstərilməsindən, hazırda VK-nın bütün sahələrində və fəaliyyətində tədbiq
olunan elektron xidmətlər barədə məlumat verib, bu istiqamətdə qanunvericiliyə edilən
dəyişiklikdən danışıb, Dünya Bankı ilə son illər sıx əməkdaşlıq çərçivəsində ərsəyə
gətirilən layihələrdən bəhs edib.
Misir Dövlət Şurasının
vitse-prezidenti Mohamed Abdel-Vahab çıxışında ilk görüşdən məmnun olduqlarını
və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini
bildirib. O, bu sahədə dövlətlər arasında əlaqələrin qurulmasını, gələcək
münasibətlərin daha da genişlənməsinin, habelə Misir və Azərbaycan vəkilləri
arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Həmçinin görüşdə Bankın dəstəyi
ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq
və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüşdə VK-nın Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova, Misirin məhkəmə hakimi Wael Saad Ali Helal, Dünya Bankının tapşırıqlar üzrə qrup rəhbəri Valid Malik və Bankın İcra Qrupunun məsləhətçisi Tural Sadixov iştirak ediblər.