"Heydər Əliyev İli” və 10 dekabr - Beynəlxalq
İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində növbəti ödənişsiz
hüquqi yardım aksiyalarının keçirilməsi ilə bağlı “Açıq qapı” günü elan edilib.
Bununla bağlı olaraq, dekabrın 8-də paytaxt ərazisində
yerləşən “Mərkəz” Vəkil Bürosunda, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda, o cümlədən
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında
“Arbitrium” Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara ödənişsiz hüquqi
yardım göstərilib.
Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər
verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.
Ümumilikdə 40-dan çox vətəndaşa ödənişsiz hüquqi
yardımın göstərilməsi təmin edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti
inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı,
kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını
ifadə ediblər.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.