Cari ilin dekabr ayının
20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin
növbəti iclası keçirilib.
İclasda çıxış edən
Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat
verib.
İclas gündəliyinə uyğun
olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə
baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, baş redaktoru
ARVK-nın sədri Anar Bağırov olan elmi-praktiki jurnal çapa hazırdır, redaksiya
heyəti yerli və müxtəlif ölkələrin görkəmli hüquqşünas alimlərindən təşkil
olunub, o cümlədən yeni beynəlxalq ISSN nömrəsi alınıb, eyni zamanda digər beynəlxalq
qeydiyyatların alınması istiqamətində işlər gedir.
Həmçinin iclasda ARVK Rəyasət
Heyəti Hüquqi Yardım və Tədris Mərkəzinin Əsasnaməsinə dəyişikliklərin edilməsi
məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
Bundan başqa, Avropa
Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən
təşkil olunacaq IX "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"
layihəsinə dəstək göstərilməsi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100
illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr
arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalib
komandasının təltif edilməsi, o cümlədən Vəkillər Kollegiyasının Akademiyasının
fəaliyyəti ilə bağlı təşkilatı məsələlərə baxılaraq, müsbət qərarlar çıxarılıb.
Eyni zamanda müxtəliflər nominasiyalar üzrə “İlin vəkili” mükafatının təsis edilməsi məsələsinə baxılıb. Qərara alınıb ki, Kollegiyada hər il “İlin vəkili” seçiləcək. Nəzərə çatdırılıb ki, bu il dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə edən vəkil “İlin vəkili” adına layiq görüləcək. Növbəti ildən etibarən isə həm dövlət hesabına, o cümlədən mülki, kommersiya, inzibati və cinayət işləri üzrə ən çox uğurlu nəticə qazanan vəkillər üçün də nominasiyalar təsis olunacaq.
Bundan əlavə, “İlin vəkil qurumu” və “İlin vəkil komitəsi” mükafatlarının təsis edilməsi məsələlərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Bildirilib ki, il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak edən vəkil qurumu “İlin vəkil qurumu” mükafatı adına sahib olacaq.
Daha sonra vəkillərin digər
vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətlərinə
xitam verilməsi və dayandırılması və müəyyən müddətə üzvlük haqqından azad
olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin
İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar
çıxarılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.