Dekabrın 23-də Ali Məhkəmədə
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham
Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq"
hüquq sahəsində intellektual müsabiqənin final mərhələsi keçirilib.
Həlledici mərhələdə Daxili
İşlər Nazirliyinin (DİN) Polis Akademiyası ilə Dövlət Təhlükəsizliyi Xidmətinin
(DTX) Heydər Əliyev adına Akademiyasının Hüquq fakültələrinin tələbələrinin
komandası yarışıb.
Müsabiqəyə təşkilati dəstək
və elmi əlaqələndirmə Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və Partnyorları"
Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr
Assosiasiyası) tərəfindən göstərilib.
İntellektual müsabiqənin məqsədi
konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin
bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.
Mərasimdə Vəkillər
Kollegiyasının Akademiyasının nümayəndələri, ARVK-nın üzvləri, eyni zamanda
müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri
və 10 tələbə iştirak edib.
Əvvəlcə Ümummilli Lider
Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Kollegiyanın
üzvü, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli
çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və
qaydalarını izah edib.
Daha sonra final mərhələsi
başlayıb və iştirakçılar konstitusiya hüququ, mülki hüquq, habelə cinayət
hüququ sahələri üzrə hərəsində 5 sual olmaqla ümumilikdə 15 sualı şifahi formada
cavablandırıblar. Komandaların cavabları Ali Məhkəmənin hakimi Elşad Şamayev,
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov, Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Leyla Əsgərova-Məmmədova, o cümlədən ARVK-nın üzvləri - Samir Əsədov və
Anar Məmişov tərəfindən dinlənilib, qaliblər elan edilib.
Beləliklə, 11 bal toplayan
DİN-in Polis Akademiyası müsabiqənin qalibi olub.
Final mərhələsinin ikinci
hissəsində isə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH
qrupları, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Milli
Aviasiya Akademiyası, DİN-in Polis Akademiyası, DTX-nin Heydər Əliyev adına
Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət
Universitetinin Hüquq fakültələrinin tələbələrinin komandasının kapitanları
yarışıb. Onlar Ümummilli Lider Heydər Əliyev ilə Ali Baş Komandan İlham
Əliyevin həyat və fəaliyyəti, siyasi istiqamətləri, həmçinin Qarabağ Zəfəri ilə
bağlı 15 testi cavablandırıblar. Nəticədə BDU-nun Hüquq fakültəsinin
komandasının kapitanı Cəlil Nağıyev ən yüksək bal toplayaraq qələbə qazanıb.
Qeyd edək ki, üç mərhələdən ibarət olan müsabiqədə 9 komanda mübarizə aparıb.