Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə
“Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə
qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28
dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla
bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad
edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması
bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.
Məhz bu səbəbdən peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont”
mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər
Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının (VK) təntənəli mərasimi
keçirilib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş
prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə
Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA
Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir
sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq
müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Mərasimi VK-nın sədri Anar Bağırov açıq elan edib. Sonra, Ümummilli Lider
Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət
Akademik Filarmoniyasının xor orkestrının ifasında Dövlət Himni səsləndirilib.
Sonra, VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Anar Bağırov qarşıdan gələn “Vəkil Günü” peşə
bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
hər kəsi təbrik edib, Kollegiyanın ötən 6 il ərzindəki fəaliyyətindən, son
dövrlər görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, 2018-ci ildən VK
üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda
iştirak etmiş 4594 namizəddən 1401 nəfər ixtisas imtahanlarında uğur qazanıb,
icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla
bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil
andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə
çatıb.
Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi
iştirakçısı, qazi Elman Məcidov da var. Nəzərə çatdırılıb ki, Elman Məcidov
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə
könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb.
O, müharibədən sonra cənab Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi
iştirakçısı” medalları ilə təltif edilib.
VK-nın “Heydər Əliyev İli” ilə bağlı görülən işlərdən danışan sədr
Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin
tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi
formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən,
vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə
çevrildiyini vurğulayıb.
Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən
ilk dövlətlərdən biri olduğunu bildirən Anar Bağırov ölkəmizdə vəkillik
institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra
normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul
edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə
bilmədiyini, qanunla da bu məsələ həllini tapdığını, o cümlədən hazırda vəkillik
fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini dilə gətirib. Bu da Ulu Öndərin
layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa
bağlıdır.
Sədr xatırladıb ki, 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü və VK-nın təşkilatçılığı ilə “Məhkəmə-hüquq
islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib: “Rəsmi şəxslərin
iştirak etdiyi tədbirdə bir çox vəkillərimizin fikir və təklifləri dinlənildi.
Çox şadıq ki, bizim bir çox təkliflər aparılan islahatlarda sonradan nəzərə
alındı. Təbii ki, hörmətli Mehriban xanım Əliyevanın da bu qayğısı, diqqəti
bizim üçün çox əziz, doğma və dəyərlidir”.
Daha sonra, tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa
görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən
Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq,
ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə
Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu
2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bütün hüquq
ictimaiyyətini peşə bayramı münasibətilə təbrik edib, onlara vacib fəaliyyətlərində
yeni uğurlar arzulayıb. Son illər VK-da görülən işlərdən danışan sədr qeyd edib
ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasında ilk olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ön
plana çəkilməsi vətəndaş cəmiyyətində olduqca vacib rol oynayır. Diqqətə
çatdırılıb ki, 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən
VK müstəqil bir qurum kimi öz fəaliyyətini təsdiqlədi. Sevindirici haldır ki,
Kollegiya və vəkil korpusu cəmiyyətin ən yüksək çəkisi olan, nüfuzlu, hörmətli
bir quruma çevrilib, kadr potensialı artıb. Düşünürəm ki, Konstitusiya Məhkəməsinin
qapıları hər bir vəkilə açıqdır, sizin hər birinizin fikri bizim üçün çox vacibdir.
Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli isə çıxış edərkən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda
hüquq sisteminin möhkəmlənməsi istiqamətində gördüyü işlərə toxunub. Milli Məclislə
VK arasında səmərəli əməkdaşlığın olduğunu deyən Əli Hüseynli bu gün fəaliyyətə
başlayan vəkillərin Azərbaycanda hüquq və ədalətin təməl prinsiplərinin möhkəmlənməsi
istiqamətində əzmlə fəaliyyət göstərəcəklərini vurğulayıb. Nəzərə çatdırılıb
ki, vəkillərin peşə bayramının “Heydər Əliyev İli”ndə keçirilməsi rəmzi bir məna
daşıyır. Vəkillər insanları, vətəndaşları qoruyur, hüquqlarını müdafiə edir.
Heydər Əliyev isə bütün Azərbaycan xalqını qoruyurdu və bütün dünya azərbaycanlılarının
hüquq müdafiəçisi idi. O, daxilən çox böyük bir demokrat, insan hüquqlarına
daim həyat verən, qanunçuluğa hörmət və ehtiramla yanaşan bir şəxsiyyət idi. Ümummilli
Lider bizim yaddaşımızda böyük hüquqşünas və hüquq müdafiəçisi kimi qalıb.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev söyləyib ki, vəkillik hüquqi dövlətin əsas
sütunlarından biridir və hazırda "ASAN xidmət" mərkəzlərində vəkillər
tərəfindən vətəndaşlara peşəkar hüquqi yardım göstərilir. "ASAN xidmət"
təkcə dövlət xidmətlərinin göstərildiyi bir məkan deyil, həm də dövlət və
qeyri-dövlət təşkilatlarının əməkdaşlıq platformasıdır. Burada 400-ə yaxın xidmət
göstərilir. Onlardan biri də hüquqi yardım və məsləhət xidmətidir. "ASAN
xidmət"ə gündəlik 40 minə yaxın vətəndaş müraciət edir. Onların keyfiyyətli
hüquqi yardımla təmin olunması "ASAN xidmət"in nüfuzunun
artırılmasında xüsusi rol oynayır.
Baş prokurorun müavini Heydər Məmmədov Baş prokuror Kamran Əliyevin və
prokurorluq orqanlarının kollektivinin təbriklərini çatdırıb, başda VK-nın sədri
Anar Bağırov olmaqla bütün vəkil həmkarlarını peşə bayramı münasibətilə təbrik
edib, hər birinə şəxsi və işgüzar həyatlarında uğurlar arzulayıb. O, məhkəmə-hüquq
sistemində aparılan köklü islahatlardan, prokurorluq orqanları ilə VK arasında
son illərdə möhkəmlənmiş işgüzar əlaqələrdən danışıb.
Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri
Məhəmməd Quluzadə VK-da son illər görülən işlərə, vəkillərin cəmiyyətdə fəaliyyətinə
toxunub. O, Hüquq və İnsan Haqları İnstitutunda vəkillərin də fəaliyyət göstərdiyini,
eyni zamanda bir neçə əməkdaşın vəkilliyə namizəd olduğunu dilə gətirib.
Polis Akademiyasının rəisi Canpolad Daanov vurğulayıb ki, hüquqi dövlətdə
vəkillik institutunun inkişafı, vəkillik statusu çox önəmli bir məsələdir. O, son
illər VK-da bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib: “Düşünürəm ki,
10-15 il bundan əvvəl bu qədər vəkili bir araya toplamaq mümkün deyildi.
Kollegiyanın sədri Anar Bağırov artıq bunu bacarıb. Qeyd etmək istərdim ki, son
bir neçə ildə Vəkillər Kollegiyasının üzvləri ilə daxili işlər orqanları əməkdaşlarının
birgə səmərəli əməkdaşlığı mövcuddur. Hər birinizin gələcək fəaliyyətinizdə uğurlar
arzulayıram”.
Daha sonra mərasimdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını
Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, ADA Universitetinin Hüquq fakültəsinin
dekanı Rəşad İbadov, Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri,
respublikanın əməkdar hüquqşünası İkram Kərimov, “Aslan İsmayılov və
Partnyorları” Vəkil Bürosunun müdiri Aslan İsmayılov çıxış edərək vəkilləri peşə
bayramı münasibətilə, o cümlədən vəkilliyə namizədləri təbrik edib, onlara gələcək
fəaliyyətlətlərində uğurlar arzulayıb.
Həmçinin, mərasimdə
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Səmərəli
əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov
"Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi
inkişaf - mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.
Tədbirdə VK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr
arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin
qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən
Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi
Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış “Libertas” komandası təltif
ediliblər.
Sonra, mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından
müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi
olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara
vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.
Daha sonra, vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edib, vəkil
peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla
keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.
Eyni zamanda, mərasimdə VK-nın bu ildən beynəlxalq qeydiyyatlara alınan və
yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Vəkillər
Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxışında
elmi-praktiki jurnalın əhəmiyyətindən danışıb.
Bundan başqa, 2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım
aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan
Respublikasının Vəkillər Kollegiyası “İlin vəkil qurumu”, il ərzində VK-nın
ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil
komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında
ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili
Elşad İsayev “İlin vəkili”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə
“Kredo” Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan
olunub.
Sonda, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.