Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının
(ARVK) sədri Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı
çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə görüş keçirib.
Görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan
Anar Bağırov çıxışında İbrahim Məmmədzadəni müsabiqənin qalibləri sırasında yer
alması münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb, onun
praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin
artırılması üçün ARVK-nın zəruri dəstək göstəriləcəyini deyib.
Sədr birillik fərdi inkişaf planı əsasında müsabiqə
qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini, habelə öz
potensialını üzə çıxarmasına kömək olacağını vurğulayıb.
Həmçinin, Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan və eyni zamanda, innovasiyanın tətbiqi barədə
görülən işlərdən danışıb.
Görüşdə çıxış edən İbrahim Məmmədzadə isə üçüncü
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan
imkan və səmimi görüşə görə təşəkkürünü bildirib.
Sonda qalibə ARVK-nın fəaliyyətinə aid nəşrlər hədiyyə
edilib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi
Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla
təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi
olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən
– qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə
qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən
birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf
qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.