Cari ilin yanvar ayının 13-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının (ARVK) və Hüquq və İnsan Haqları
İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Akademik hüquqi
yazı” adlı təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları
İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimin əhəmiyyətini qeyd
edib, hər bir hüquqşünasın mükəmməl yazı vərdişlərinə sahib olmasının
zəruriliyini vurğulayıb.
Vəkillər Kollegiyasının Akademiyasının rektoru,
h.e.d., professor Əmir Əliyev çıxışında iştirakçıları ARVK-nın sədri Anar
Bağırovun adından salamlayıb, hüquqi təlimin işinə uğurlar arzulayıb. Professor
vəkillik fəaliyyətində üzləşilən hüquqi problemlərin vəkillər tərəfindən təhlil
olunmasının daha praktik olduğunu dilə gətirib, “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalında elmi məqalələrlə çıxış etmək arzusunda olan
şəxslərə redaksiya tərəfindən köməklik göstəriləcəyini və belə tədbirlərin
davamlı olacağını söyləyib.
Təlimdə iki mövzu üzrə beynəlxalq hüquq, insan
hüquqları və informasiya hüququ üzrə ekspertlər – Bakı Dövlət Universitetinin
(BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, h.ü.f.d.,
Gülnaz Rzayeva, BDU-nun Hüquq fakültəsinin
İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, h.ü.f.d,
mediator Şahin Məmmədrzalı tərəfindən “Akademik hüquqi yazının növləri və
beynəlxalq təcrübə” və “Akademik hüquqi yazının strukturu və quruluşu” adlı
məruzələr iştirakçılara təqdim olunub.
Böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin
sonunda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar təqdim edilib və
xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, təlimdə ARVK-nın 37 üzvü, Vəkillər Kollegiyasının Akademiyasının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və tədqiqatçı alimlər iştirak edib.