Yanvarın 25-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasının (ARVK) bir qrup üzvünə dövlət təltiflərinin
təqdim olunması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə
açan Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov möhtərəm cənab Prezident
İlham Əliyevin sərəncamı ilə vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət
təltiflərinə layiq görülən bir qrup vəkili təbrik edib.
Sədr Ulu Öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan mütərəqqi məhkəmə-hüquq islahatlarının
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu
islahatlar çərçivəsində ölkəmizdə vəkilliyin inkişafına da xüsusi dəstək
verildiyini deyib.
Diqqətə çatdırılıb ki,
müstəqil dövlətimizin 28 dekabr 1999-cu il tarixində “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” ilk Qanunun qəbul edildiyi tarix əsas götürülərək ölkə başçısının 25
dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil Günü” peşə bayramı təsis
olunaraq qeyd olunmağa başlanılıb. Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam
müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi
formalaşdığı və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik
çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyi
dilə gətirilib.
Vurğulanıb ki, peşə
bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət
başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla
oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov
Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı,
Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla
oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə
təltif ediliblər.
Anar Bağırov bu Sərəncamın
ölkə Prezidentinin vəkillik sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi
olduğunu bildirib.
Daha sonra mərasimdə vəkillərə
mükafatları təqdim olunub.
Təltif olunanlar əməklərinə
verilən yüksək qiymətə, göstərilən etimada görə dövlət başçısına sonsuz minnətdarlıqlarını
ifadə ediblər.
Bu istiqamətdə vəkilliyin inkişafına dəstək, o cümlədən vəkillərin fəaliyyətində göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə təşəkkür məktubunun göndərilməsi barədə qərar qəbul olunub.