Cari ilin
fevral ayının 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin
İntizam Komissiyasının növbəti iclası keçirilib.
İclasda 19
müraciət əsasında (onlardan 5 müraciət eyni icraatda olmaqla) başlanılan intizam
icraatları üzrə 14 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə
salınıb, 11 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 7
intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
- 2
intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
- 1
intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün
olmaması;
- 1
intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.
Müvafiq rəy
qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 2-si isə məhkəmələrdən daxil olan
müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən işlərin 5-i fiziki şəxslərin, 2-si isə məhkəmələrin
müraciətləri üzrədir.
Vəkilin hərəkətlərində
pozuntunun olması barədə rəy verilən intizam işlərindən:
- 4
intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə
tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi (4 vəkillə
bağlı 7 fakt)”;
- 2
intizam işində “vəkilin qabaqcadan təyin olunan məhkəmə iclasında hər hansı
üzürlü səbəb olmadan iştirak etməməsi (2 vəkillə bağlı 4 fakt)”;
- 1
intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi vəzifəsini
lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (2 vəkillə bağlı 2
fakt)”;
- 1
intizam işində “vəkilin diqtəsi ilə müvəkkilinə hüquqi yardımın göstərdiyi işlə
bağlı ayrı-ayrı orqanlara ünvanlanmış müraciətlərdə işə baxan hakimlərə münasibətdə
qeyri-etik, kobud və nalayiq ifadələrin işlədilməsi” (1 vəkillə bağlı 1 fakt);
- 1
intizam işndə “vəkilin öz müvəkkili olan təqsirləndirilən şəxsin və dövlət
orqanının ünvanına qeyri-etik, kobud və nalayiq ifadələr işlətməsi (1 vəkillə
bağlı 1 fakt)”;
- 1
intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müvafiq müqavilə
bağlamadan, müraciət edən şəxsdən işin onun xeyrinə həllini vəd edərək müqavilədənkənar
qaydada nağd şəkildə pul vəsaiti alması və heç bir iş görməməsi (1 vəkillə
bağlı 1 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.