Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi Avstriyada beynəlxalq tədbirlərdə iştirak edib

14 fevral 2024    777 share share

Cari ilin fevral ayının 7-10-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyaları rəhbərlərinin 52-ci konfransında iştirak etmək üçün Vyana şəhərində rəsmi səfərdə olub.

Səfərdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.

Özündən çoxşaxəli proqramı əks etdirən bu konfrans yarım əsrdən çoxdur ki, Avropadakı hüquq təşkilatlarının rəhbər şəxsləri arasında təcrübə mübadiləsinin aparıldığı uğurlu dialoq forumuna çevrilib.

"Böyük həcmli məlumatlar, daha az hüquqlar - süni intellekt qanunun aliliyini əbədi dəyişdirəcəkmi?“ mövzusuna həsr olunan konfrans “Palais Ferstel”də keçirilib. Konfrans iştirakçıları ədalət sistemində süni intellekt alətlərindən istifadənin məhkəmə prosesinin əsasını təşkil edən prinsiplərə və prosedurlara uyğunluğunun vacib olduğunu və heç vaxt insanların qərar qəbuletmə prosesini əvəz edə bilməyəcəyini vurğulayıblar.

Daha sonra konfrans iştirakçıları Avstriya Federal Kanslerinin və Avstriya federal ədliyyə nazirinin qəbulunda olub.

Səfər çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) və Daimi (Standing) Komitələrinin iclaslarında da iştirak edib. İclaslarda Komitə nümayəndələri çıxış edib, bir sıra ölkələrin Vəkillər Kollegiyasının illik hesabatı təqdim olunub, o cümlədən hakimlərin və vəkillərin müstəqilliyi ilə bağlı məruzələr dinlənilib.

Bundan başqa, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK-nın sədri Anar Bağırovla Avropa Vəkillər Kollegiyaları rəhbərləri və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə Avropa Vəkillər Kollegiyalarının təşkilatı çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Sonda iştirakçılar üçün Vyana İncəsənət Muzeyinə tur təşkil olunub.