Fevral ayının 19-da Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sədr vəkillik təsisatının əhəmiyyətini
vurğulayaraq bildirib ki, vəkillik institutu hüquqi dövlətdə vətəndaş
cəmiyyətinin önəmli sosial-hüquqi institutu kimi insan hüquqlarının müdafiəsi,
ədalətin və bərabərliyin təmin edilməsində vacib rol oynayır. Vətəndaşların
yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan
hüquq və azadlıqlarının etibarlı müdafiəsi, o cümlədən ədalət mühakiməsinin
səmərəli müdafiəsini vəkillik təsisatı olmadan təsəvvür etmək olmaz.
O bildirib ki, son dövrlər ölkəmizdə
məhkəmə-hüquq sistemində cənab Prezidentin rəhbərliyi ilə bir sıra mühüm
islahatlar aparılır. Vəkillik institutu da məhkəmə-hüquq sisteminin bir hissəsi
kimi aparılan mütərəqqi islahatlara hər zaman öz dəstəyini verib, vəkillikdə
bir sıra mühüm addımlar atılıb. Belə ki, görülən işlər çərçivəsində vəkillər
üçün təlimlər, seminarlar və konfranslar keçirilir.
Aparılan islahatlara, görülən işlərə
baxmayaraq, təcrübədə bəzən bəzi vəkillər tərəfindən “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Qanunun, habelə vəkillərin etik davranış kodeksinin
tələblərinin pozulması hallarına rast gəlirik. Bu pozuntular qəti olaraq yolverilməzdir.
Vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin
etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli,
vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Onlar, həmçinin
fəaliyyətləri zamanı etik normaları qorumalı, qeyri-qanuni hərəkətlərə və
qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Bildirmək istərdim ki, qeyd
olunanlar cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanında da tövsiyə
olunub.
Sədr bir daha vurğulayıb ki, vəkillər
icraatlarında olduğu işlərdə, xüsusən də dövlət hesabına işlərdə vətəndaşların
Konstitusion hüquqları olan keyfiyyətli hüquqi yardım alma hüquqlarını realizə
etməli, qeyri-prosessual münasibətlərə daxil olmaqdan çəkinməli, qanunla
onların üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirməlidirlər. Çünki
bellə hallar vəkilliyin imicinə ciddi xələl gətirir, ən əsası isə şəxslərin
keyfiyyətli hüquqi yardım alma hüquqlarının realizəsinə mənfi təsir göstərir. Əgər
pozuntu halları olarsa, təbii ki, Vəkillər Kollegiyası tərəfindən ən sərt
tədbirlər görüləcəkdir.
Daha sonra bildirilib ki, Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi tərəfindən
Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun barəsində
başlanmış cinayət işi ilə bağlı müraciət daxil olub. Rəyasət Heyəti tərəfindən
vəkillə bağlı müraciətə baxılaraq intizam icraatının başlanılması qərara
alınıb.
Həmçinin, iclasda vəkillərin digər vəkil
qurumuna keçməsi, bəzi vəkillərin üzrlü səbəblərdən üzvlük haqqından azad
olunması və o cümlədən vəkilin maddi yardımla bağlı müraciətlərinə baxılaraq
müvafiq qərarlar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar
qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.