Martın 1-də Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) rəhbərliyi ilə ölkəmizdə səfərdə olan
Almaniya Federativ Respublikası Bundestaqının (AFRB) Hüquq siyasəti komitəsinin
sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında
görüş keçirilib.
Qonaqları salamlayan ARVK-nın sədri Anar
Bağırov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə
ətraflı məlumat verib və son dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını
nəzərə çatdırıb.
Kollegiyanın müstəqil təsisat olduğunu
deyən sədr müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən
layihələrdən, xeyli səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu
istiqamətdə faydalı və qarşılıqlı fəaliyyətlərin, o cümlədən əlaqələrin daim
inkişaf etdirildiyini vurğulayıb.
Görüşdə Anar Bağırov Almaniya Bundestaqının
deputatı Frank Şvabenin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış
sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun
dondurulması təşəbbüsünü irəli sürməsini, o cümlədən ölkəmizin nümayəndə
heyətinin bu il AŞPA-da keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması
ilə bağlı qəbul edilən qərarları yanlış addım hesab etdiyini vurğulayıb.
Azərbaycan vəkilləri adından bu qərara etirazımızı bildirərək hesab edirik ki,
AŞPA-da çıxarılan qərar əsassız və qərəzlidir.
Sonra geniş təqdimatla çıxış edən
Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub son dövrlər müxtəlif
istiqamətlərdə köklü şəkildə görülən işlərin hesabatlılığını diqqətə çatdırıb,
ARVK-nın beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı
nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq
çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən danışıb və əldə olunan
beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr
gətirib.
Daha sonra AFRB-nin Hüquq siyasəti
komitəsinin nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker çıxış edərək
ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edib, görüşün məqsədi, əhəmiyyəti
barədə məlumat verib, o cümlədən görüş və müzakirələr aparılması üçün imkan
yaradılmasına görə minnətdarlığını bildirib.
Həmçinin, görüşdə qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlər müzakirə olunub.
Sonda qonaqlara kitablar hədiyyə edilib.
Qeyd edək ki, görüşdə Almaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Ralf Hörlemann, Almaniyanın xarici işlər nazirinin müşaviri Yan Şlixtinq, Vəkillər Kollegiyasının sədrinin müavinləri - Aydın Axundov, Pərviz Ələkbərov, Şahmar Məmmədov, Kollegiyanın Baş katibi Bayram Orucov, Kollegiyanın üzvü, Alman-Azərbaycan Xarici Ticarət Palatasının Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova və ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova da iştirak edib.