Cari ilin mart ayının 1-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclasda möhtərəm cənab Prezident
İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə vəkilliyin
inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş
Rüstəmova Natəvan Famil qızına mükafat təqdim olunub. Sədr dövlət təltifinə
layiq görülən vəkili təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Natəvan Rüstəmova əməyinə verilən yüksək qiymətə, göstərilən etimada görə
dövlət başçısına sonsuz minnətdarlıqlarını ifadə edib.
Həmçinin, iclasda Gəncə şəhərində yerləşən
inzibati binanın təmiri ilə əlaqədar görülən işlər və işlərin gedişi barədə
məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, hazırda binanın təmir işləri davam
etdirilir, bu ilin yayında yekunlaşdırılaraq təhvil verilməsi nəzərdə tutulub.
Eyni zamanda, “Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası tərəfindən satınalmaların keçirilməsi Qaydaları"nın
yeni redaksiyada təsdiq edilməsi ilə bağlı məsələ müzakirə olunub və müvafiq
qərar çıxarılıb.
Bundan başqa, “Elektron vəkillik"
Komitəsi tərəfindən elektron xidmətlər sahəsində görülən işlərin təqdimatı
olub. Qeyd olunub ki, 5 Vəkil Bürosunda pilot layihə kimi uğurla yekunlaşan
"Elektron vəkil orderi"nə yaxın günlərdə Kollegiyanın hər bir üzvü
"Elektron vəkil kabineti" vasitəsilə daxil ola biləcək. Bu sistem
vasitəsi ilə vəkillər vaxtlarına qənaət edəcək, onlar vəkil qurumlarının
inzibati binasına getmədən vəkil orderi əldə edə biləcəklər.
Daha sonra ARVK-nın ictimai fəaliyyətinə
verdiyi töhfələrə görə Kollegiyanın Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 12
saylı Vəkil Bürosunun müdiri Fariz Məmmədov Vəkillər Kollegiyasının "Fəxri
Hüquq Doktoru" adı ilə, "HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri, “Elektron
vəkillik" Komitəsinin sədri Nihad Əliyev və həmin Komitənin üzvü İlham
Hüseynov isə “Fəxri Fərman”la təltif ediliblər.
İclasda Vəkillər Kollegiyasının
Akademiyasının rektoru Əmir Əliyevin "Biz gələcəyin vəkilləriyik"
adlı qış düşərgəsi layihəsi ilə bağlı maddi dəstəyin göstərilməsinə dair
müraciətinə baxılıb və Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
İclasın davamında bəzi vəkillərin digər
vəkil qurumlarına keçməsi, vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam
verilməsi və vəkillik fəaliyyətinin dayandırlması, o cümlədən vəkilin maddi
yardımla bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
Həmçinin, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.