Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib

07 mart 2024    561 share share

Martın 6-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə əməkdaşlığı çərçivəsində “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin açılışında HİHİ-nin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə öncə qonaqları salamlayıb, sonra bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımılar barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarla tədqiqat nəşri İnstitut tərəfindən hazırlanıb.

Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev çıxışında tədbir iştirakçılarını ARVK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayaraq qeyd edib ki, xalqımıza qarşı törədilən ağır cinayətlərin təşkili və törədilməsində iştirak edən təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.  

Mərasimdə Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Ankara Universitetinin professoru Cavid Abdullazadə, Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi Fərhad İsayev, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, h.ü.f.d. Zaur Əliyev, BDU-nun Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, BDU-nun Hüquq fakültəsinin dosenti, h.ü.f.d., Əlövsət Allahverdiyev, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, t.ü.f.d, Boran Əziz, ARVK-nın üzvü İlhamə Həsənova və HİHİ-nin əməkdaşı, h.ü.f.d, İlham Malik oğlu Əliyev mövzu üzrə çıxış ediblər.

Müzakirələr zamanı “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə necə cəlb edilməsi mexanizmlərinə toxunulub.