Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbinin təlimləri keçirilib

08 mart 2024    684 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin təlimləri keçirilib.

Belə ki, cari ilin mart ayının 3-də Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlının "Vəkillik - dünya təcrübəsi və Azərbaycan" mövzusu üzrə, martın 6-da isə Vəkillər Kollegiyası və Vəkillərin İntizam Komissiyasının üzvü, 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərovun "Vəkilin nitq mədəniyyəti" mövzusu üzrə təlimi baş tutub.

Hər iki təlim hüquqşünas tələbələrin böyük marağına səbəb olub, onların çoxsaylı sualları təlimçilər tərəfindən cavablandırılıb.

Xatırladaq ki, açılış mərasimi fevralın 28-də keçirilən “Biz Gələcəyin Vəkilləriyik” adlı qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin Hüquq fakültəsində təhsil alan 40 bakalavr tələbəsi tam ödənişsiz olaraq iştirak edir. Düşərgə 3 gün müddətində - 8, 9 və 10 mart tarixlərində Naftalan şəhərində təşkil olunacaq. Qeyd olunan dövr ərzində müxtəlif istiqamətlərdə təlimlər baş tutacaq, o cümlədən gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün oyunlar, yarışlar və əyləncələr təşkil olunacaq. Layihənin sonunda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcək. 

Qeyd edək ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.