Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin
Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq
fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik”
adlı növbəti qış məktəbinin təlimləri başa çatıb.
Qış məktəbinin əsas məqsədi ölkə ərazisində
vəkillik fəaliyyətinin təşviq edilməsi, Hüquq fakültəsi tələbələrinin vəkillik
fəaliyyəti sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın
yaradılması, o cümlədən gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında
əlaqələndirmənin qurulmasından ibarətdir.
Belə ki, 8, 9, 10 mart tarixlərində
Naftalan şəhərində düşərgə formatında keçirilən layihənin ilk günü Vəkillər
Kollegiyasının üzvü Natiq Məmmədov “Mübahisələrin alternativ həlli və
mediasiya”, Kollegiyanın üzvü Yaqub Məmmədli “Mülki prosessual sahədə müdafiə
taktikasının qurulması”, növbəti gün isə Vəkillər Kollegiyasının üzvü Elvin
Səlimov “İnzibati xətalar üzrə icraatda vəkilin iştirakı”, Kollegiyanın üzvü Zabil
Qəhrəmanov “Ədalətli məhkəmə araşdırması hüququ”, Əqli Mülkiyyət Agentliyinin
Hüquq apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük
mütəxəssisi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Əkbər
Əliyev “Məhkəmə prosesinin qurulması” adlı təlimlərlə çıxış ediblər.
Həmçinin, düşərgənin ikinci gün Naftalan
Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov iştirakçılarla görüşüb, layihənin işinə
uğurlar arzulayıb.
Düşərgənin üçüncü günü isə iştirakçılar
tərəfindən məhkəmə simulyasiyası təşkil edilib. Yarışda hakim qismində Vəkillər
Kollegiyasının üzvü Sevinc Əliyeva iştirak edib, qalib komanda mükafatlandırılıb.
Eyni zamanda, iştirakçılar Naftalan
şəhərində yerləşən Heydər Əliyev muzeyini ziyarət ediblər. Hüquqşünas tələbələrə
Ulu Öndər Heydər Əliyevin həmişəyaşar irsi barədə ətraflı məlumat verilib.
Həmçinin, düşərgədə hüquq sahəsində
tanınmış şəxslər qonaq qismində iştirak edib, iştirakçılara öz tövsiyələrini veriblər.
Martın 10-da isə Naftalan şəhərində “Biz
gələcəyin vəkilləriyik!” adlı qış məktəbinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru, h.e.d., professor Əmir
Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini
Orxan Ərəbov, Goranboy rayon prokurorunun müavini Babək Paşayev, Naftalan Şəhər
İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva çıxış ediblər.
Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılar sertifikatlarla təltif edilib, xatirə şəkli çəkilib.
Xatırladaq ki, “Biz Gələcəyin Vəkilləriyik”
adlı qış məktəbində ölkənin bütün ali təhsil müəssisələrinin Hüquq fakültəsində
təhsil alan 40 bakalavr tələbəsi tam ödənişsiz olaraq iştirak edib. Açılış
mərasimində Kollegiyanın
sədri Anar Bağırov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra
edən Qədir Xəlilov, Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir
Əliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə
Salmanlı çıxış edib, panel müzakirələrində sabiq Baş nazir və xarici işlər
naziri Həsən Həsənovun Azərbaycanın hüquq tarixi ilə bağlı çıxışları dinlənilib.
Qeyd edək ki, daha öncə - 2022-ci və 2023-cü illərdə də Vəkillər Kollegiyası ilə Gənclər Fondunun birgə təşkilatçılığıyla hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunub.