Mart ayının
12-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Vəkil Bürolarının rəhbər şəxslərinə
elektron
order və digər elektron xidmətlərin təqdimatı keçirilib.
Açılış nitqi
ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, Yel çərşənbəsi
günü münasibəti ilə hər kəsi təbrik edib, elektron xidmətlərin əhəmiyyətindən
danışıb.
Sədr son illər
vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük
üstünlük verildiyini və bu sahədə bir sıra layihələrə imza atıldığını deyib.
Kollegiya tərəfindən
“Elektron vəkil orderi” sisteminin 5 Vəkil Bürosunda pilot layihə kimi uğurla
yekunlaşdığını söyləyən Anar Bağırov məqsəd vəkillərin işinin asanlaşdırılması,
vaxt itkisinin qarşısını alınması və vətəndaş məmnunluğunun yaradılması
olduğunu deyib.
Sədr elektron
vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ
hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti
qurumlarla razılaşdırıldığını dilə gətirib.
Anar Bağırov qeyd
edib ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli
iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız
daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi
barədə qərar verilib.
Sonra
“Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi”
və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham
Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və
qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, qurum rəhbərlərinə
“İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemlərinin
izahlı təqdimatı olub.
Daha sonra
qurum rəhbərlərinin sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan
istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli
sürülüb.
Sonda ARVK-nın sədri Anar Bağırov “Elektron vəkillik" Komitəsinin əməkdaşlarının əməyini yüksək qiymətləndirib, bu işlərin təkmilləşdirilməsi üçün gələcəkdə Vəkil Bürolarında təlimlərin keçirilməsini tövsiyə edib.