Mart ayının
13-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının (ARVK) təşkilatçılığı ilə “Fərdi vəkillərin koordinasiyası”
Komitəsinin və fərdi vəkillərə elektron order, habelə digər elektron
xidmətlərin təqdimatı keçirilib.
Açılış nitqi
ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, “Fərdi vəkillərin
koordinasiyası” Komitəsinin fəaliyyətindən, son illər görülən işlər və qarşıda
duran vəzifələr barədə məlumat verib, bu istiqamətdə bir sıra məsələlərə
toxunub.
Bu gün ölkədə
160 vəkilin fərdi qaydada fəaliyyət göstərdiyini deyən sədr Bakı şəhərində və
regionlarda onların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərdən istifadə
etmək, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, habelə vəkillik
institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tövsiyələrini
verib.
Həmçinin, Anar
Bağırov “Elektron vəkil orderi”nin xidmətləri barədə
danışıb, bu istiqamətdə ARVK-da bir sıra işlərin görüldüyünü və əsas məqsədin
vəkillərin işinin asanlaşdırılması, vətəndaşların hüquqi yardıma çatımlılığının
səmərəliliyinin artırılması, eyni zamanda, şəffaflığın artırılması olduğunu
dilə gətirib.
Sonra ARVK Rəyasət
Heyətinin üzvü, “Fərdi vəkillərin koordinasiyası” Komitəsinin sədri Vüqar
Babayev çıxış edərək Komitənin fəaliyyətindən, bu sahədə mövcud olan bəzi
problemlərindən söz açıb, onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini,
o cümlədən elektron xidmətlərin əhəmiyyətini diqqətə çatdırıb.
Eyni zamanda,
“Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi”
və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham
Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və
qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Bundan başqa, fərdi vəkillər
“İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri
barədə məlumatlandırılıb.
Daha sonra fərdi
vəkillərin sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə
vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.
ARVK-nın sədri
Anar Bağırov “Elektron vəkillik" Komitəsinin əməkdaşlarının əməyini yüksək
qiymətləndirdiyini qeyd edib, bu işlərin təkmilləşdirilməsi üçün gələcəkdə Vəkillər
Kollegiyasının Akademiyasında təlimlərin keçirilməsini tövsiyə edib.
Sonda sədr bir daha xatırladıb ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.