Mart ayının
15-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin
növbəti iclası keçirilib.
İclasda çıxış
edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat
verib.
İclas gündəliyinə
uyğun olaraq ABŞ-da keçiriləcək “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində
iştirak edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA
Universitetinin müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyin göstərilməsi ilə
bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
Sonra iclasda
vəkilin mükafatlandırılması ilə bağlı məsələyə baxılıb və müvafiq qərar
çıxarılıb.
Həmçinin, ARVK
üzvlərinin davamlı tədrisə cəlb olunması, o cümlədən peşə hazırlığının yüksəldilməsi
məqsədilə aktual hesab edilən sahələr və mövzular üzrə təlimlərin müəyyən edilməsi,
“Vəkil köməkçisi statusunun əldə edilməsinə dair Qaydalar”ın yeni redaksiyada qəbul
edilməsi və “Azərbaycan vəkili” jurnalının 2024-cü ildəki ilk sayının dərcinə
razılıq verilməsi məsələlərinə baxılıb və müsbət qərarlar qəbul edilib.
Nəzərə
çatdırılıb ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən vəkillər mütəmadi olaraq peşə
hazırlığına və ixtisas artırılmasına cəlb edilirlər. Bu nöqteyi-nəzərdən aktual
hesab edilən mövzular üzrə, o cümlədən elektron xidmətlər və hazırda müasir tələblərə
uyğun istiqamətlərdə vəkillərin peşə hazırlığına cəlb edilməsi zəruridir. Eyni
zamanda, bu, dünya dövlətləri təcrübəsindən irəli gəlir. Bildirilib ki, Rəyasət
Heyətinin qərarına əsasən bu işlərin yüksək səviyyədə aparılması Vəkillər
Kollegiyasının Akademiyasına tapşırılıb.
Bundan başqa,
iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, üzvlük haqqından azad
olunması, öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən dövlət
qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması ilə
bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
İclasın
davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti
tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.