Cari ilin mart
ayının 16-da Polis Akademiyasında Daxili İşlər Nazirliyinin (DİN) Polis
Akademiyası və “ELSA Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi
axtarış və götürmə” müsabiqəsinin final mərhələsi keçirilib.
İlk olaraq tədbirə
qonaq qismində qatılan respublikanın müxtəlif ali təhsil müəssisələrinin
hüquqşünas tələbələri Polis Akademiyasının “Rayon Polis Şöbəsi” tədris modulu,
şərti məhkəmə zalı, kriminalistik şəhərcik və digər interaktiv otaqları ilə
yaxından tanış ediliblər.
Tədbirin rəsmi hissəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müsabiqəni
giriş sözü ilə açan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru
Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq komandalara uğurlar arzu
edib və hüquq təhsilli tələbə və kursantların iştirak etdiyi bu qəbildən olan
yarışların keçirilməsinin təhsilalanların praktik biliklərinin zənginləşməsində
böyük rolu olduğunu vurğulayıb.
Sonra Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov çıxış edərək iştirakçıları
salamlayıb, onlara uğurlar arzulayıb. Tədbirin mahiyyətinə toxunan sədr müavini
bildirib ki, müsabiqənin keçirilməsi gənclərin bu istiqamətdə bilik və
bacarıqlarının inkişafına şərait yaradacaq.
Daha sonra final mərhələsinə vəsiqə qazanan DİN-in Polis Akademiyasının və Dövlət
İdarəçilik Akademiyasının komandaları verilən tapşırıqlar üzrə istintaq hərəkətlərinin
aparılması üçün öz bacarıqlarını nümayiş etdiriblər. Polis Akademiyasının
komandasını əyani təhsil üzrə 4-cü kurs kursantları Güloğlan İsmayılzadə və Vəli
Vəliyev təmsil edib.
Bu mərhələdə istintaq hərəkətlərini simulyasiya formasında icra edən komandalar
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev, Bakı Şəhər Baş
Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, Baş Prokurorluğun
Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində
qanunların icrasına nəzarət idarəsinin prokurorları tərəfindən qiymətləndirilib.
Nəticələr hesablandıqdan sonra Polis Akademiyasının komandası “Şəxsi axtarış və
götürmə” müsabiqəsinin qalibi elan olunub.
Sonda DİN-in
Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov və “ELSA Azərbaycan”ın
Prezidenti Nərminə Hüseynzadə qalib komandaları təbrik edib, komanda üzvlərinə
sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, müsabiqədə münsif qismində iştirak edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev "Təşəkkürnamə" ilə təltif edilib.