Cari ilin mart
ayının 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və UNİCEF-in Azərbaycandakı
nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqyönümlü hüquqi yardım (Uşaqların
hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)”
mövzusunda növbəti təlim keçirilib.
Təlimdə
UNİCEF-in eksperti, Kollegiyanın üzvü, hüquqşünas-təlimçi Rafiq Alışov
uşaqyönümlü hüquqi yardım sahəsində beynəlxalq standartlar və mexanizmlər,
uşaqyönümlü hüquqi yardımın sosial-psixoloji aspektləri və bu sahədə praktiki fəaliyyət
barədə məruzələr edib.
15 vəkilin
qatıldığı təlimdə Azərbaycanda və xarici ölkələrdə yuvenal ədliyyə təcrübəsinin
müqayisəli təhlili və respublikamızda cinayət yaşı üzrə müzakirələr aparılıb,
uşaqyönümlü hüquqi yardım sahəsində rəhbər prinsiplər, eyni zamanda, təhqiqat,
ibtidai istintaq və məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin
fəaliyyəti müzakirə edilib. Həmçinin, iştirakçılara uşaqların müdafiəsinə həsr
olunmuş praktik videoçarx nümayiş olunub və uşaq hüquqlarının müdafiəsi ilə
bağlı kazuslar həll edilib.
Sonda vəkillərin uşaq hüquqları sahəsində sualları cavablandırılıb, təlimdə iştirak edən ARVK-nın üzvlərinə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.